Ombudsman: "Bu, peşəkar hüquqi xidmət üçün olduqca vacib dəyişiklik idi"


  • 13:06

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin miqdarının artırılmasına münasibət bildirib.

E-huquq.az-ın məlumatına görə, o, diqqətə çatdırıb ki, bu təşəbbüs Ombudsmanın 2024-cü il üzrə məruzəsində təklif olaraq yer alıb:

"Məlum olduğu kimi, "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edilib. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən dövlət hesabına ödənilən hüquqi yardım məbləği 6 manatdan 11 manata yüksəldilib. Diqqətinizə çatdırım ki, bu təşəbbüs Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində təklif olaraq yer alıb.

Belə ki, Ombudsman illik məruzədə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 1-ci bəndində göstərilən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən məbləğin (6 manat) artırılması, habelə həmin Qərarın 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş (0,35 manat) məbləğə yenidən baxılmasını təklif edib".

"Sevindirici haldır ki, Ombudsmanın Hökumətə təqdim etdiyi təkliflər reallaşır. Bu sonuncu dəyişiklik peşəkar hüquqi xidmət üçün olduqca vacib dəyişiklik idi", - deyə S.Əliyeva qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər