- 17:45
“Məişət zorakılığına məruz qalanlara psixoloji yardım göstərilir. Bu gün səhiyyə sistemində bunun üçün bütün imkanlar var” .
E-huquq.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Komitədə yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, əvvəllər konkret zorakılığa məruz qalan insan nəzərdə tutulurdu və onun problemləri ilə məşğul olunurdusa, indi məsələyə daha geniş yanaşılır.
“Xüsusən də zorakılıq mühitində böyüyən uşaqları nəzərə alırıq. Çünki ən ciddi zorakılıq görən elə o mühitdə yaşayan uşaqlardır. Onlar zorakılığın daşıyıcısı kimi hesab olunurlar. Həmin uşaqlar psixoloji zədə alır və gələcəkdə həmin zədələr nəticəsində onların xarakteri formalaşır. Biz bunu çox ciddi nəzərə almalıyıq", - deyə o əlavə edib.
S.Qəhrəmanova qeyd edib ki, orta məktəb psixoloqları ilə təlimlər keçməyə başlanılıb: “Bu nöqteyi nəzərdən Elm və Təhsil Nazirliyinin üzərinə böyük vəzifə düşür. Belə ki, psixoloqlar məktəblərdə zorakılıq mühitində olan uşaqları aşkar etməli, onlarla bağlı müəyyən tədbirlər həyata keçirməli, psixoloji reabilitasiya işi aparmalıdırlar”.
Humay Eminqızı