Azərbaycanda evlənənlərin sayı niyə azalıb? - SƏBƏBLƏR AÇIQLANDI


  • 21 Fevral 13:05

Azərbaycanda evlənənlərin sayı kəskin azalıb. Dövlət Statistika Komitəsinin bir neçə gün öncə yaydığı məlumata görə, ötən il ölkədə 49 min 508 nigaha daxilolma qeydə alınıb. 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nigahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Bəs görəsən, gənclər niyə evlənmək istəmir? Onları evlilikdən uzaqlaşdıran səbəblər nələrdir?

Sosioloq Üzeyir Şəfiyev e-huquq.az-a açıqlamasında nikahların azalmasının səbəblərinə aydınlıq gətirib.

“Bu gün gənclər ölkə əhalisinin 21-22%-ni təşkil edir. Belə ki, ölkədə gəclərin sayının azalması ailə quranların sayının azalmasına da təsir edir. Əvvəlki illərdə daha erkən yaşda ailə qurmağa maraq var idi. Lakin müasir gənclik əvvəlcə təhsil almaq, karyera qurmaq, mənzil-məişət şəraitini yaxşılaşdırmaq və daha sonra ailə qurmaq istəyir. Buna görə də evlilik yaşı bir qədər yuxarı qalxıb. Eyni zamanda gənclər arasında xaricdə təhsil almaq və işləmək tendensiyası da çoxalıb. Bu da şübhəsiz ki nikahların sayına təsir edir”, - deyə o bildirib.

Üzeyir Şəfiyev

Üzeyir Şəfiyev

Sosioloqun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da evliliyə maraq azalıb: “Asiya ölkələrində - Çində, Yaponiyada gənclər arasında “subaylıq sendromu” yayılıb. Onlar öz ehtiyyaclarını virtual şəkildə ödədikləri üçün real ünsiyyətə maraq göstərmirlər. Ola bilsin ki, bu Azərbaycan gəncliyinə də təsir edir”.

Ü.Şəfiyev vurğulayıb ki, işsizlik və mənzil problemi də gənclərin ailə qurmağını əngəlləyən amillərdəndir: “Gənclərin məşğulluq və mənzil problemi məsələsi əsaslı şəkildə həll olunarsa, onların ailə qurmağa marağı artacaq. Dövlətin gənclərin məşğulluq və mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sosial dəstək layihələri var. Məsələn, güzəştli ipoteka şərtlərinın tətbiqi gənclərin daha geniş katiqoriyasını əhatə etməsi, eyni zamanda regionlarda da gənclərin məşğulluğu ilə bağlı əlavə tədbirlər həyata keçirilməsi faydalı olar. Ölkə başçısı regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində bu istiqamətlərə çox böyük önəm verir. Güman edirəm ki, regionlarda məşğulluq məsələləri gənclər üçün təmin olunarsa, eyni zamanda onlara regionlarda pay torpaqları ayrılarsa və mənzil əldə etmələri üçün paytaxtdan daha aşağı faizli ipoteka şərtləri təqdim olunarsa, elə region gəncləri də paytaxta axın etməz. Bu həm onların həm işlə təmin olunmasına kömək edəcək, həm də orada mənzil tikib, ailə həyatı qurmaları üçün motivasiya olacaq”.

Müsahibimizin fikrincə, son illərdə boşanmaların sayının artması da gəncləri evlilik fikrindən uzaqlaşdırır: “Boşanmaların da səbəbləri çoxdur. Buna əsas kimi məişət zorakılığı, ailədaxili münaqişələr eləcə də zərərli maddə asılılığını, xəyanəti və s. demək olar. Əvvəllər Azərbaycan cəmiyyəti daha ənənəvi cəmiyyət idi və boşanmalara həm kişilər, həm də qadınlar üçün yaxşı baxılmırdı. Azərbaycan qlobal dünyaya açıldıqdan sonra artıq boşanmanı ailə dramı kimi qarşılamırlar, hətta buna daha tolerant yanaşırlar. Cəmiyyətin düşüncəsində transformasiyalar baş verib. Bu da ailə institutuna zərər yetirir. Əfsuslar olsun ki, aqressiv feminist dalğanın təsiri ilə gender bərabərliyi adı altında Qərb mərkəzli güc mərkəzləri qadın-kişi qarşıdurması yaratmağa çalışır və ailə böhranlarını körükləyir. Onlar Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsmaq üçün məhz ailə institutunu hədəf götürürlər. Bu fonda bəzən televiziya, müxtəlif informasiya vasitələri də layihələr həyata keçirməyə çalışır. Bu da ailə böhranlarına, boşanmalara gətirib çıxara bilir. Məişət zorakılığını daha çox qadına zorakılıq kimi təqdim etmək istəyirlər. Bu gün təəssüf ki, eqoist, zövqə düşgün həyat tərzinə meyilli qadınlar artır. Onlar artıq ailə, uşaq, məişət qayğıları ilə məşğul olmaq istəmir və sanki övladları olduqdan sonra daha çox boşanıb öz eqoist həyatlarını sürdürmək istəyirlər”.

Ü.Şəfiyev Azərbaycanda qurulan ailələrin dayanıqlılığının təmin olunmasının vacibliyini qeyd edib: “Çalışmalıyıq ki, Azərbaycanda ailə dayanıqlığı təmin olunsun, münaqişəli ailələr ilə sosial-psixoloji işlər aparılsın ki, münaqişə dərinləşmədən aradan qaldırılsın. Bununla da boşananların qarşısını əhəmiyyətli dərəcədəd ala bilərik”.

Mövzu ilə bağlı fikirlərini e-huquq.az-la bölüşən vəkil Emin Kiçikbəyov da son illərdə nikahların sayının azalmasından və boşanma hallarının artmasından narahatlığını bildirib.

Onun fikrincə, nikaha daxil olma sayındakı azalmalar elə boşanmaların artmasının yaratdığı qorxudan qaynaqlana bilər.

“Boşanma prosesləri ilə bağlı müraciətlər çoxdur. Hazırki vəziyyətdə boşanmalara əsas səbəb sosial şəbəkələr, xəyanət məsələləri, kənar şəxslərin ailəyə təsirləridir. Boşanmalar artıq adi bir hala çevrilib. İnsanlar sanki azadlıq istəyir. Cəmiyyətdə elə bir vəziyyət yaranıb ki, heç kim kiminsə sözünün altında qalmaq istəmir, kiminsə sözü ilə oturub-durmaq istəmir”, - deyə o qeyd edib.

Emin Kiçikbəyov

Emin Kiçikbəyov

Vəkilin sözlərinə görə, evlənənlərin sayının azalması, eləcə də boşanmaların artmasında əsas səbəblərdən biri də maddiyyatdır: “Ailə başçısı ailəyə yetəri qədər qayğı göstərə bilmir, maddi ehtiyacları ödəməkdə çətinlik çəkir. Bu da müəyyən problemlərə və sonda boşanmaya gətirib çıxara bilir”.

Humay Eminqızı

Oxşar xəbərlər

  • 21 Fevral 12:44
Sabah da qar yağacaq