"Şəhərdə əsas tıxacı yaradan imkanlı təbəqədən olan valideynlərdir"


  • 18:11

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapan məsələlərdən biri də ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadədir. Dövlət Proqramına əsasən aidiyyatı qurumlar birlikdə 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün "məktəb avtobusları"ndan istifadə olunmasını təmin etməlidir.

Maraqlıdır, məktəb avtobusları paytaxtdakı tıxacın qarşısını almaqda effektli olacaqmı?

Mövzu ilə bağlı e-huquq.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov real vəziyyətə nəzər salıb. O bildirib ki, bu gün Bakıda ən çox tıxac yaradan məsələlərdən biri də valideynlərin öz övladlarını məktəbə avtomobillə aparmaqlarıdır.

"Bunun üçün sürücü tutan və taksi xidmətindən istifadə valideynlərin sayı kifayət qədərdir. Əslində özlüyündə ciddi bir problemdən söhbət gedir. İstənilən bir məktəbin qarşısına baxsaq, avtomobil əlindən tərpənmək mümkün deyil. Kimin imkanı varsa, ayrıca avtomobil alır, sürücü tutur, xeyli məbləğdə vəsait xərcləyir. Şəhərdə əsas tıxacı yaradan imkanlı təbəqədən olan valideynlərdir. Çünki onlar öz övladlarının məktəbə avtobus, yaxud metro ilə getməsini istəmir. İmkanı zəif olanlar isə taksi xidmətindən istifadə edir".

Deputat bildirib ki, dünya təcrübəsində məktəb avtobuslarından geniş istifadə edilir: "20 avtomobilin 20 uşağı məktəbə aparıb gətirməyindənsə, bir avtobusun 20 şagirdi daşıması daha səmərəlidir. Düşünürəm ki, bunun üçün müxtəlif mexanizmlər üzərində düşünülməlidir. Məktəb avtobusları böyük vəsait tələb edən bir məsələdir. Hansısa qurum, struktur, yaxud bu sahədə xidmət göstərən daşıma şirkətləri həmin işi həyata keçirə bilər. Bu barədə layihə düşünmək olar. Məsələn, valideynlər aylıq müəyyən məbləğ ödəyərək övladlarının məktəbə aparılıb gətirilməsi təmin edə bilər. Burada söhbət böyük məbləğdən getmir. Beləliklə, valideyn həm daha az vəsait xərcləmiş, həm də vaxta qənaət etmiş olacaq. Eyni zamanda məktəb avtobusu şəhərdəki tıxac məsələsinə də öz müsbət təsirini göstərmiş olacaq. Bu barədə düşünürək müəyyən addımların atılmasına ehtiyac var. Bakıda bəzi özəl məktəblərə məxsus avtobuslar var. Lakin dövlət məktəbləri üçün məktəb avtobusu çətin bir məsələdir. Çünki ciddi vəsait lazımdır. Məktəb üçün avtobusların alınması, sürücü ilə təmin etmək asan deyil. Məktəblər daşıma şirkətləri ilə əməkdaşlıq edə bilər. Burada əsas məsələ ortaq məxrəcə gəlib birgə addım atmaqdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər