Ceyhun Bayramov: "Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır"


  • 25 Aprel 14:10

Ermənistanın sürətlə silahlanması, təəssüf ki, hələ də region üçün təhlükə mənbəyi olaraq qalır. Son iki gün ərzində baş verən hadisələr bunu bir daha sübut edir.

E-huquq.az xəbər verir ki, bu fikri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, Ermənistanın paytaxtında keçirilən növbəti kütləvi yürüş zamanı Azərbaycana və Türkiyəyə qarşı nifrət dolu çağırışlar səsləndirilib və tamamilə qəbuledilməz hərəkətlərə yol verilib.

Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktının ciddi narahatlıq doğurduğunu vurğulayan nazir qeyd edib ki, eyni məzmunlu hadisə dünən Fransanın paytaxtı Parisdə də baş verib.

“Bizim gözləntimiz ondan ibarətdir ki, həmin ölkələrin hakimiyyət orqanları və aidiyyəti strukturları bu kimi təxribat xarakterli hərəkətləri cinayət əməlləri kimi qiymətləndirərək onların qarşısının alınması üçün ciddi tədbirlər görsünlər”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Oxşar xəbərlər