- 00:21
Minsk şəhərində Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq keçirilən görüşün məqsədi Belarus Respublikasının hərbi təhsil müəssisələrində hərbi mütəxəssislərin hazırlanması məsələlərinin öyrənilməsi və müvafiq sahədə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Belarus Hərbi Akademiyasında olan Azərbaycan Milli Müdafiə Universitetinin nümayəndə heyəti burada elmi nailiyyətlər sərgisi ilə tanış olub.
Belarusun hərb tarixi və İkinci Dünya müharibəsi muzeyi ilə tanışlıqdan sonra hər iki ölkə mütəxəssislərinin iştirakı ilə işçi görüşü keçirilib, təhsillə bağlı bir sıra məsələlər barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Milli Texniki Universitetinin Hərbi-texniki fakültəsində, həmçinin Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin və Belarus Dövlət Aviasiya Akademiyasının hərbi fakültələrində olub.
Ziyarət zamanı təhsil müəssisələrinin strukturu, hərbi kadrların hazırlanması üzrə mövcud imkanlar, tədris prosesi və qarşıda duran vəzifələr, eləcə də Azərbaycan hərbçilərinin Belarusda təhsili və hazırlığı mövzularında təşviqedici brifinq təqdim olunub.