- 15 Aprel 20:39
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcunun rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı və Xankəndiyə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara Xocalıda aparılan işlər barədə geniş məlumat verilib.
Nümayəndə heyəti sonra Xankəndidə Qarabağ Universitetində olub, Zəfər meydanında aparılan tikinti-quruculuq işləri, yeni layihələrlə maraqlanıblar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, Xankəndi şəhəri işğaldan azad olunduqdan dərhal sonra burada geniş tikinti-quruculuq işlərinə start verilib.
Nazir müavini Mustafa Tuzcu deyib ki, Türkiyə işğaldan azad olunan torpaqların bərpasında iştirak edəcək. “Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu, bizim üçün həm də bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik”, - deyə o bildirib.