Ceyhun Bayramov Burkina Faso XİN rəhbəri ilə əməkdaşlıq potensialını müzakirə etdi - YENİLƏNDİ


  • 12 Aprel 19:03

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Burkina Fasonun xarici işlər naziri Jan Mari Traore ilə görüşüb.

Bu barədə e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında əməkdaşlıq imkanları, çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub.

Ölkəmizin xarici siyasətində Afrika qitəsinə verilən önəm qeyd edilib, Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə təmaslarımıza mühüm təkan verdiyi bildirilib.

Bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində Afrika ölkələri, o cümlədən Burkina Faso ilə əməkdaşlığı davam etdirmək niyyətimiz ifadə olunub.

Müqabil tərəfə, həmçinin ölkəmiz tərəfindən xarici ölkələrdən tələbələr üçün yaradılan təqaüd proqramları barədə məlumat verilib, xüsusilə Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün xüsusi proqramların mövcudluğu qeyd edilib.

Qarşı tərəf, Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi münasibətilə təbrik edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

17.54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Burkina Faso xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Antalya Diplomatik Forumunda görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.

"Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi potensialı, qarşılıqlı səfərlərin əhəmiyyəti, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb", - nazir qeyd edib.

Oxşar xəbərlər