Azərbaycan və Maldiv XİN rəhbərlərinin Antalyada görüşü oldu - YENİLƏNDİ


  • 12 Aprel 18:29

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.

Bu barədə e-huquq.az-a Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı, iki ölkə arasında iqtisadi-ticarət, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Prezidentinin ölkəmizə səfəri, ali və yüksək səviyyədə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub.

Azərbaycan və Maldiv arasında əməkdaşlığın inkişaf etdirilməsində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb. Bu çərçivədə, Maldivə Azərbaycan hökumət missiyası zamanı müzakirə edilmiş məsələlər nəzərdən keçirilib.

Turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə edən nazirlər, ölkələrimiz arasında ötən ildən etibarən birbaşa uçuşların açılmasının vətəndaşlarımıza yaradılan səyahət imkanlarının genişlənməsi baxımından mühüm olduğunu diqqətə çatdırıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

17.39

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda maldivli həmkarlı Abdulla Xəlillə görüşüb.

E-huquq.az xəbər verir ki, nazir Bayramov bu barədə "X" sosial media hesabında yazıb.

Görüşdə iqtisadiyyat, ticarət, energetika, humanitar sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəylik qeyd olunub.

Oxşar xəbərlər