Bakıda keçirilən Türkiyə-İsrail görüşünün bəzi detalları açıqlandı


  • 11 Aprel 07:20

Suriyada eskalasiyanın qarşısının alınması mexanizmini hazırlayan İsrail və Türkiyə işçi qruplarının Bakıda keçirilən ilk texniki görüşünün bəzi detalları açıqlanıb.

E-huquq.az xəbər verir ki, yüksək rütbəli mənbənin “Vesti İzrailya” telekanalına verdiyi məlumata görə, görüş zamanı İsrail nümayəndə heyəti Türkiyə tərəfinə Suriyada xarici qüvvələrin yerləşdirilməsinə qarşı olduqlarını bildiriblər.

"Tadmor bölgəsində yeni türk hərbi bazalarının yaradılması qadağanın pozulması kimi qiymətləndiriləcək", İsraildən olan mənbə telekanala bildirib.

"Daha əvvəl İsrail açıq şəkildə bildirmişdi ki, təhlükə aradan qaldırılmamasına görə məsuliyyət Suriya hökumətinin üzərinə düşür. İsrailə zərər verə biləcək istənilən hərəkət Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) rejiminə mənfi təsir göstərəcək", - mənbə əlavə edib.

İsrail təhlükəsizlik mənbələri Suriyanın mərkəzindəki türk hərbi bazalarının İDF-nin Suriya hava məkanında fəaliyyət azadlığını məhdudlaşdıracağını vurğulayıb.

İsrailin dövlət telekanalı KAN Bakıdakı görüşə gedən İsrail nümayəndə heyətinin olduğu təyyarənin Türkiyə hava məkanıdan istifadəsinə icazə verilmədiyini bildirib: "İsrail ilə Türkiyə arasında gərginlik davam edir. Axşam saatlarında aldığımız məlumata görə, Türkiyə nümayəndə heyəti ilə Azərbaycana görüşmək üçün gedən İsrail rəsmilərini daşıyan hava qüvvələrimizə məxsus təyyarə marşrutunu dəyişməli olub. Çünki türklər təyyarəmizə icazə vermədilər. Yüksək səviyyəli rəsmilərin olduğu təyyarəyə keçid üçün icazə verməmək o qədər də diplomatik addım deyil. Təyyarə Bolqarıstan və Qara dəniz üzərindən keçməklə Ermənistanın hava məkanından istifadə etməli olub".

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-İsrail arasındakı gərginliklə bağlı açıqlamasında qeyd edib ki, Türkiyənin İsrail də daxil olmaqla Suriyada heç bir ölkə ilə döyüşmək fikrində deyil: "Ancaq Suriyanın yenidən Türkiyənin milli təhlükəsizliyini təhdid edəcək bir daxili qarışıqlığa, əməliyyata və ya təxribata məruz qalmasını seyr edə bilmərik. Sadəcə olaraq buna baxmaqla kifayətlənməyəcəyik".

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, Suriyada gərginliyin aradan qaldırılması üçün aprelin 9-da Bakıda Türkiyə və İsrail arasında texniki görüş keçirilib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün deeskalasiya mexanizminin yaradılması məqsədilə Bakıda ilk texniki görüş keçirilib.

Oxşar xəbərlər