Vergi bəyannamələri daha da təkmilləşdiriləcək


  • 1 Mart 20:20

Bu gün bəzi vergi bəyannamələrinin təqdim olunması prosesində bir çox çətinliklər yaşanır. Bu çətinliklərin qarşısının alınması üçün məlumatların mümkün qədər azaldılması, bəyannamələrin sadələşdirilməsi zəruridir.

E-huquq.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) İqtisadi təhlil və proqnozların icrası idarəsinin rəis müavini Namiq Dərgahov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

O bildirib ki, ortamüddətli dövrdə əlavə dəyər vergisi (ƏDV) bəyannaməsi ilə bağlı əvəzləşmələr formalaşdırarkən buna kifayət qədər vaxt sərf olunur və bu prosesin avtomatlaşması ilə bağlı hazırda təhlillər aparılır:

"Həmçinin, şəxsi hesab vərəqəsində muzdlu iş və məcburi dövlət sosial sığorta ilə bağlı vərəqələrin artıq birləşdirilməsinə başlamışıq. Bundan başqa, məcburi dövlət sosial sığorta və muzdlu sahəsində 11, qeyri-muzdlu sahəsində 6, işsizlikdən sığorta sahəsində isə 4 vərəqə var.

Hər qrupun özlüyündə birləşdirilməsi prosesi başlayıb və ilin birinci yarımilində başa çatdırılması nəzərdə tutulur. İnzibatçılığın sadələşdirilməsi vizyon olaraq şəxsi vərəqədə əməliyyatların bir hovuz daxilində görülməsi üçün mühasiblərə müsbət təsirini göstərəcək".

"Qarşıdakı hədəflərimizdən biri də dövlət rüsumlarının təsnifatı və bütün ƏDV ödəyicilərinin AVİS 2 platforması çərçivəsində elektron portal üzərindən bəyannamələrin təqdim edilməsidir ki, bunun da ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur", - N.Dərgahov vurğulayıb.

"Digər layihələrimizdən biri də bu ilin sonuna qədər muzdlu işlə bağlı vahid bəyannamədə kifayət qədər optimallaşdırılma və sadələşdirilmənin edilməsi planlaşdırılır", - deyə dövlət xidməti rəsmisi qeyd edib.

Oxşar xəbərlər