- 26 Fevral 21:32
26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
XİN-dən e-huquq.az-a verilən xəbərə görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və çoxtərəfli münasibətlər gündəliyində duran məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət müzakirə olunub.
Tərəflər ölkə rəhbərləri arasında qarşılıqlı hörmət və təmasların münasibətlərə xüsusi təkan verdiyini vurğulayıblar. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəni yaxınlığın, tarixi dostluq münasibətlərinin, qarşılıqlı hörmət, dəstək və anlaşmanın əməkdaşlığın inkişafına təkan verdiyini, bu kimi səfər və təmasların da mövcud əməkdaşlığın daha da gücləndirilməsi imkanlarının müzakirəsi baxımından faydalı olduğunu diqqətə çatdırıb.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, energetika, humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın fəaliyyətinə toxunulub, sözügedən Komissiyanın müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib platforma olduğu qeyd edilib.
Görüş zamanı, nazirlər alternativ enerji istehsalı sahəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Bununla yanaşı, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib, bu xüsusda yaşıl enerji, ətraf mühitin qorunması sahələri üzrə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aaprılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə məlumatlandırıb. Səudiyyə Ərəbistanının minasızlaşdırma fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edilib.
Görüş zamanı, həmçinin Qəzza ətrafında vəziyyət barədə fikir mübadiləsi aparılıb. Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər nəzərdən keçirilib.