Ombudsman ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasındakı əsassız fikirləri pislədi


  • 21 Sentyabr 16:04

Amerika Birləşmiş Ştatları Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud olan faktların açıq şəkildə təhrif olunaraq ölkəmizə qarşı əsassız fikirlərin səsləndirilməsi ciddi təəssüf hissi doğurur.

E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Azərbaycan tərəfindən 2024-cü ildə lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam şəkildə uyğun olaraq həyata keçirilmiş, mülki əhali heç bir zaman hədəfə alınmamışdır.

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

Otuz ilə yaxın işğal müddətində Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, fundamental insan hüquqlarının davamlı olaraq pozulması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi barədə məlumatların ölkəmizə təqdim olunmaması, həmçinin torpaqlarımızın minalarla çirkləndirilməsi, ətraf mühitə ziyan vurulması, ekosid cinayətlərinin törədilməsi faktlarının gözardı edilərək ölkəmizə qarşı ittihamların səsləndirilməsi Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilməsinin və məsələyə qərəzli yanaşmanın təzahürüdür.

Bir daha bildirmək istərdik ki, Ermənistanın azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunmuş, həmçinin yüz minlərlə soydaşımızın indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalmışdır.

ABŞ Konqresinin ölkəmizə qarşı ikili standartlar, birtərəfli və qərəzli yanaşmalar nümayiş etdirməsini qətiyyətlə pisləyir, əksinə, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə münasibət bildirməyə çağırırıq.

Oxşar xəbərlər