Deputat Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh etdi


  • 12:14

Məlumdur ki, 27 dekabr 2001-ci il tarixli "Dövlət satınalmaları haqqında" Qanuna müvafiq olaraq Cinayət Məcəlləsinin 308-2 və İnzibati Xətalar Məcəlləsinin 445-1-ci maddələri ilə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edilib. Lakin, bildiyiniz kimi, 2024-cü il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında" yeni Qanun qüvvəyə mindiyi üçün əvvəlki 27 dekabr 2001-ci il tarixli Qanun ləğv edilib. Bununla isə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması hallarına görə məsuliyyətin "Dövlət satınalmaları haqqında" yeni Qanunun tələblərinə uyğun olaraq yenidən müəyyən edilməsinə zərurət yaranıb.

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, hazırda müzakirədə olan layihə "Dövlət satınalmaları haqqında" yeni Qanunun 58-ci maddəsinə müvafiq olaraq hazırlanıb və dəyişikliyə əsasən dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci, 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda, inzibati xəta tərkibi isə əməllər cinayət məsuliyyətinə səbəb olmadıqda İnzibati Xətalar Məcəlləsinin 445-1-ci maddəsinə müvafiq olaraq yaranır.

"Dəyişikliyin ikinci istiqaməti İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin artırılması ilə bağlıdır. Bildiyiniz kimi, hazırda dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır və dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Bu müddət qısa olduğundan pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmirdi və hazırda müzakirəmizdə olan layihə ilə aidiyyəti istiqamətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin bir ilədək artırılması təklif edilir", - deyə deputat qeyd edib.

Qeyd edilənləri nəzərə alaraq B.Məhərrəmov əminliklə bildirib ki, cari layihə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına qarşı mübarizənin daha səmərəli həyata keçirilməsinə xidmət edəcək, Azərbaycan Respublikasının rəqabət siyasətinin prinsiplərinin, o cümlədən sahibkarlıq fəaliyyəti də daxil olmaqla, iqtisadi fəaliyyətin azad və sağlam rəqabət şəraitində həyata keçirilməsinin təmin olunması, iqtisadiyyatın inhisarsızlaşması, rəqabətin təmin olunması, qorunması, inkişaf etdirilməsi, stimullaşdırılması, bütün bazar subyektləri üçün bazara sərbəst giriş, resurslara bərabər əlçatanlıq və bərabər tənzimləmə şərtlərinin müəyyən edilməsi və bütövlükdə iqtisadi mühitdə şəffaflığın artırılmasına səbəb olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər