Ata və ana ayrılanda uşaq neçə yaşından sonra kiminlə yaşayacağına dair qərar verə bilər?

Ata və ana ayrılanda uşaq neçə yaşından sonra kiminlə yaşayacağına dair qərar verə bilər?


  • 20 Sentyabr 2019 13:04

Tərəflər boşandıqdan sonra uşağın kimin yanında qalacağı ən aktual məsələlərdən biridir. Hər iki valideyn, yəni həm ata, həm də ana əksər hallarda uşağı təkbaşına böyütmək istəyir. Belə olan halda çox vaxt uşağın fikri arxa plana keçir, yəni onun kiminlə yaşayacağına dair istəyi soruşulmur. Bəs qanunla uşaq neçə yaşından sonra kiminlə yaşayacağına dair qərar verə bilər?

Mövzu ilə bağlı vəkil Gülşən Salmanovadan münasibət öyrəndik.

Vəkil E-huquq.az-a açıqlamasında deyib ki, Ailə Məcəlləsinə əsasən, 10 yaşdan sonra uşaqdan ananın, yaxud atanın yanında qalmaq istədiyinə dair fikir soruşulmalıdır: “Məhkəmədə bu barədə uşağın fikri soruşulur. Məhkəmə müvafiq qərar verəndə digər sübutlarla yanaşı, uşağın fikrini də nəzərə alır”.

Onun sözlərinə görə, məhkəmə müvafiq qərar verməzdən əvvəl, İcra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Övladlığa götürmə, qəyyumluq və himayəçilik komissiyanın rəyinə əsaslanır: “Komissiya uşağın valideynlərdən hansının yanında qalmasının məqsədəuyğun olmasına dair rəy verir. Bu zaman komissiya ailə şəraitini və digər halları nəzərə almaqla rəy verir. Məhkəmə də Övladlığa götürmə, qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə alaraq, uşağın kimin yanında qalması ilə bağlı müvafiq qərar qəbul edir”.

G.Salmanova diqqətə çatdırıb ki, bununla belə, uşağın kimin yanında qalması qərarı interaktiv xarakter daşımır: “Çünki 10 yaşlı uşaq səhv də edə bilər. Buna görə də hər bir halda onun qərarı araşdırılır, yəni onun seçim etdiyi valideynin yaşayış şəraiti araşdırılır”.

Məftun Salmanov

Oxşar xəbərlər