"Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmadı


  • 25 Aprel 18:37

Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Konstantin Kuçerin vəkili işin icraatının dayandırılması ilə bağlı vəsatət verib. Bunu Konstantin Kuçerin İspaniyaya ekstradisiyası ilə bağlı ayrıca məhkəmə prosesinin keçirilməsi ilə əlaqələndirib.

Dövlət İttihamçısı vəsatətin təmin edilməməsini təklif edib.

Məhkəmə yerində müşavirə ilə vəsatəti təmin etməyib.

Daha sonra sənədlərin tədqiqi davam etdirilib.
K.Kuçerin vəkili məhkəməyə sənəd təqdim edərək bildirib ki, onun əməlində dələduzluq niyyəti və ya tamah məqsədi olmayıb. O bildirib ki, müdafiə etdiyi şəxsin sadəcə zərəçəkənə borcu var.

Daha sonra Oleq Krapivinin vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin sağlamlıq problemlərinin olduğunu və həbs olunmadan 1 ay öncə Almaniyada müalicə aldığını bildirib. “Almaniyadakı müalicədən sonra müdafiə etdiyim şəxs müalicəsini evdə davam etdirib. İndi isə saxlanıldığı yerdə müalicəsini davam etdirə bilmir. Buna görə də ev həbsinə baxılmasını istəyirik”.

Konstantin Kuçer məhkəməyə müraciət edərək zərərçəkmiş tərəfində məhkəməyə çağırılaraq üzbəüz danışıqlar aparılmasını istəyib.

Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edərək Füzuli Musayevin məhkəməyə məcburi gətirilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Məhkəmə ev həbsi ilə bağlı vəsatəti təmin etməyib. Füzuli Musayevin də məhkəməyə çağırılması vəsatətini təmin etməyib, lakin hakim növbəti prosesdə bununla bağlı tədbirlər görüləcəyini deyib.

Məhkəmənin növbəti iclası 2 may tarixinə təyin edilib.

Hakim istintaqın artıq yekunlaşma mərhələsinə doğru irəlilədiyini bildirib.

Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər