Haqq-ədalət gec də olsa, daim zəfər çalır


  • 25 Aprel 13:53

Hazırda Bakı məhkəmə kompleksində Qarabağ bölgəsində mövcud olmuş erməni-separatçı qurumun rəhbər şəxslərinin cinayətlərinə dair baxılan proses ölkə və dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənir. "Dövrümüzün Nürenberq prosesi" adlandırılmış bu məhkəmə işi ölkəmizə qarşı 35 ilə yaxın müddət ərzində hərbi təcavüz etmiş, minlərlə vətəndaşımızı qətlə yetirmiş, soyqırımı və digər xüsusilə ağır cinayətlər törədərək əmlakları talamış, evləri, qəbirləri viran qoymuş separatçı rejimə və onların silahlı birləşmələrinə rəhbərlik edən şəxslərin ittiham edilməsilə bağlıdır. Belə şəxslərdən biri Xankəndi şəhəri və Xocalı rayonu ərazisində 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində azərbaycanlılara qarşı cinayətlər törədərək 2023-cü ildə Laçın sərhəd-buraxılış məntəqəsində yaxalanmış Vaqif Xaçatryanın məhkəmə prosesində Baş prokurorun köməkçisi kimi dövlət ittihamını müdafiə etdiyim üçün təəssüratlarımı bölüşmək istərdim...

İlk növbədə qeyd edim ki, belə cinayətkarların yaxalanması cənab Prezidentimizin komandanlığı ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında antiterror əməliyyatındakı qələbələr nəticəsində mümkün olmuşdur. V.Xaçatryanın törətdiyi cinayətlər çoxsaylı mötəbər, təkzibolunmaz sübutların məcmusu - şahid ifadələri, ekspertiza rəyləri, arxiv fotoşəkilləri və digər sənədlərlə təsdiqini tapsa da, o bütün məhkəmə boyunca məsuliyyətdən yayınmaq üçün inadkar mövqe tutaraq cinayət əməllərini inkar etmiş, zavallı, günahsız, sanki təsadüfən məhkəmə qarşısında dayanmış obraz yaratmağa çalışmışdı. Məhkəmə istintaqı ilə sonuncunun törətdiyi cinayət əməlləri tam təsdiqini tapmış və o, 15 il müddətinə azadlıqdan məhrum edilmişdir (qanunvericiliyə görə 65 yaşdan yuxarı şəxslərə 15 ildən çox müddətə azadlıqdan məhrum edilməsinin qadağan edilməsi nəzərə alınaraq).

İndi isə Bakı məhkəmə kompleksində separatçı-xunta rejimin liderlərinin məhkəməsi davam edir, məhkəmə prosesləri haqqında mütəmadi olaraq ictimaiyyətə məlumat verilir. Vaqif Xaçatryanın məhkum olunması və indiki məhkəmə prosesləri arasında hansı oxşarlıq müşahidə olunur? Təbii ki, təqsirləndirilənlərin qeyri-səmimiliyi, məsuliyyətdən yayınmaq üçün hər cür çaba göstərmələri, qorxaqlıqları, özlərinin sanki humanist, mələk xarakterli olduğunu sübut etməyə çalışmaları acı bir təəssürat doğurur. Axı bir o qədər də uzaq olmayan yaxın tariximizdə insanlarımıza qarşı misli görünməmiş vəhşiliklər törətmiş separatçı rejimin rəhbərlərinin hansı mənəviyyata malik olmalarını hamı gözəl bilir. Təkcə Araik Arutunyanın Gəncəni raket atəşinə tutulması barədə göstəriş vermədiyi barədə məhkəmədə səsləndirdiyi bəyanat onun nə qədər riyakar, cəsarətsiz olmasını açıq büruzə verir. Bununla belə heç şübhə yoxdur ki, Bakı Hərbi Məhkəməsinin ən təcrübəli hakim heyəti və prokurorluğun kifayət qədər savadlı ittihamçıları tərəfindən təqsirləndirilənlərin törətdiyi bütün cinayətlər dəqiqliyi ilə hərtərəfli, tam və obyektiv qaydada tədqiq olunacaq. Eyni zamanda qeyd olunan məhkəmə prosesi müasir Azərbaycan tarixində mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır - ilk növbədə ona görə ki, on illər ərzində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz haqq-ədalətin zəfər çalmasının şahidi oldular, şəhidlərimizin qisası alındı.

Ölkəmiz sivil dünyanın layiqli üzvü olmaqla hüquq normalarına uyğun məhkəmə prosesini həyata keçirməsini dünya ictimaiyyətinə nümayiş etdirir (təqsirləndirilənlər müdafiəçi, tərcüməçilərlə təmin olunurlar, sərbəst şəkildə-heç bir psixoloji təzyiq olmadan vəsatətlər verir, müdafiə hüququnu həyata keçirirlər. Halbuki vaxtilə mülki şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan məhkəmələrində hansı basqı altında iclas zalına gətirilmələrini xatırlamaq kifayətdir. Habelə qeyd etmək lazımdır ki, adıçəkilən məhkəmə prosesi bütün dünyaya göstərdi ki, ölkəmizə qarşı təcavüzə yol verən, vətəndaşlarımızı qətlə yetirənlər kim olursa olsun, hansı dövlətlərin himayəsinə ümid etsələr də belə, hökmən yaxalanacaq və Azərbaycan dövlətinin ədalət məhkəmələrində layiqli cəzalarını alacaqlar…

Müqəddəs Sultanov

3-cü dərəcəli dövlət ədliyyə müşaviri

Oxşar xəbərlər