Yarım milyard manatlıq kibercinayətkarlıqda təqsirləndirilən dəstənin növbəti məhkəməsi keçirildi


  • 25 Aprel 12:33

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhmədov Anar ifadə verib.

Əhmədov Anar 2015 - ci ildə inzibatçı kimi “Ozan” MMC də fəaliyyət göstərib. 1000 manat əmək haqqı alıb. “Məni işə Fərhad Qasımov götürüb, əməkhaqqımıda o verirdi. Mənimlə orada Əzizov Cavid də nəzarətçi kimi işləyirdi. Həbs olunana kimi Qasımov Bahadırı tanıyırdım. Həm ondan bilet alırdım həm də onu Fərhad Qasımovun əmisi oğlu kimi tanıyırdım. Həbs olunana kimi İkram Qasımovu tanıyırdım. O ofisə nadir hallarda gəlirdi və pul saxlamaqla bağlı məndən heçnə xahiş etməyib. Əliyev Vəlini isə sürücü kimi tanıyırdım və şirkətin əməkdaşı deyildi.”

"Pulların köçürülməsi ilə bağlı işim olmayıb. Ofisdə axtarış zamanı nə aşkar olub bilmirəm. Tapılan odlu silah və pullardan xəbərim yoxdur".

Əzizov Cavid ifadə verərək 2019-cu ildən ofisdə nəzarətçi kimi işlədiyini bildirib:

"İşim ofisə nəzarət etməkdən, lazımi avadanlıqların alınması, təmizliyə nəzarət, təsərrüfat işləri ilə bağlı olun. İşə məni Qasımov Fərhad qəbul edib və 700 manat maaş almışam. Ofisdə müştərilərin verdiyi pulların harada saxlanılması barədə məlumatım yoxdu. Təqsirləndirilən şəxslərlə heçbir əlbirliyim olmayıb. Onların cinayət işi ilə günahlandırılmasınada inanmıram . Məhkəməyə ifadə verən Həsənli Hafizin iddiaları əsassızdır, o mənə pul verməyib. Qanunsuz pul köçürmələri ilə məşğul olmamışam".

Qeyd edək ki, Qasımov Fərhad ifadə verməkdən imtina edib. Onun vəkili ifadə vermək üçün əlavə vaxt istəyib.

Məhkəmənin növbəti iclası 5 may tarixinə təxirə salınıb.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib. Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Humay Eminqızı

Oxşar xəbərlər