- 10:45
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun məhkəməsinin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, Ruslan İzzətli və Elmir Abbasov istisna olmaqla, digər təqsirləndirilən şəxslər prokurora etiraz ediblər. Dövlət ittihamçısına etiraz edən təqsirləndirilənlərin vəkilləri onların etirazlarını müdafiə edərək vəsatət veriblər. Daha sonra məhkəmə müşavirəyə gedib və dövlət ittihamçısının dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.
Daha sonra vəsatətlərə baxış keçirilib.
Müdafiə tərəfinin vəkilləri ittihamların əsassız olduğunu bildirərək cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Sonra təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi vəsatətə baxılıb.
Vəsatət təmin edilməyib.
Məhkəmənin növbəti iclası 5 may tarixinə təxirə salınıb.
Qeyd edək ki, 2024 - cü il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
Humay Eminqızı