Tanınmış həkimlər məhkəmədə ifadə verdi - "Talassemiya işi"


  • 23 Aprel 16:55

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımı və Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərova məhkəmədə dindiriliblər.

Xuraman Cəfərova qeyd edib ki, əvvəl Mərkəzi Klinikada çalışıb. Sonra Talassemiya Mərkəzində həkim, daha sonra isə baş həkim vəzifəsində fəaliyyət göstərib. Hazırda Bakı Baş Səhiyyə Mərkəzində aparıcı mütəxxəssis kimi fəaliyyət göstərir. O təqsirləndirilənlər arasında yalnız Aynur Bayramovanı kuryer kimi tanıdığını deyib: ""Medical Park"dan Akif Hoca fondun hesabına Türkiyədə əməliyyat olmuş xəstələrin müayinəsini bizim mərkəzdə aparırdı və Aynur xanım da hoca ilə bir gəlirdi. Mən baş həkim təyin olunandan 20 gün sonra bir xəstəm bildirdi ki, o, Aynur Bayramovaya pul verib. Aynur ona vədd verib ki, övladını əməliyyat etdirəcək. Mən bunu rəhbərliyə bildirdim və Aynur Bayramovanın girişinə qadağa qoyuldu".

Daha sonra hakim Şəlalə Həsənova Aynur Bayramovanın Mərkəzə necə rahatlıqla daxil ola bilməsi və xəstə yaxınları ilə ünsiyyət qurması barədə sual ünvanlayıb. Xuraman Cəfərova cavabında qeyd edib ki, bunlar onun baş həkimliyi dövründə olmayıb.

Zərərçəkmiş Natiq Qubatov övladının xəstəlikdən əziyyət çəkdiyini və məhz Xuraman Cəfərovanın köməkliyi ilə sağaldığını bildirib. O, təqsirləndirilən şəxslərin ən ağır cəza almalarını istəyib.

Aynur Bayramova Xuraman Cəfərovanı tanıdığını, onun xəstə yönləndirdiyini, onlara xəstələr üçün otaq verdiyini qeyd edib. Nuridə Seyidova və Aysel Məmmədova isə Xuraman Cəfərovanı tanımadıqlarını qeyd ediblər.

Daha sonra Mircəlal Kazımı ifadə verib. O, Aysel Məmmədova və Nuridə Seyidovanı tanıdığını qeyd edib. Zalda əyləşən zərərçəkmiş şəxslərdən isə Kamil Əhmədovu tanıdığını deyib.

Mircəlal Kazımi bildirib ki ,"Urmed Help" şirkəti əməliyyat ödənişlərinə yardım etmək məqsədi ilə Mərkəzi Gömrük Hospitalı ilə müqavilə bağlayıb. 10-a yaxın xəstə əməliyyat olunub. Daha sonra müqavilə pozulub. Müqavilənin pozulmasına səbəb təxminən 5 xəstə əməliyyat olunduqdan sonra ödənişlərin olunmaması olub.

Daha sonra prosesdə Mircəlal Kazımi ilə Aysel Məmmədovanın telefon danışığı dinlənilib. Səs yazısının bir keyfiyyətsiz olub.

Mircəlal Kazımi səs yazısına münasibət olaraq deyib ki, o sadəcə xəstələrdən narahat olub və buna görə Aysellə danışıb.

Zərərçəkənlər Tallesimiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra sənədlər tədqiqi aparılıb.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin olunub.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər