- 23 Aprel 17:53
Qusarda həmkəndlisini döyməkdə təqsirləndirilən Lalə Babayevanın (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Qusar Rayon Məhkəməsində hakim Anar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, L.Babayeva Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, L.Babayeva həmkəndlisi Gülnar Qarayevanın (şərti ad-soyad) yaşadığı evin həyətinə daxil olub, əl zərbələri ilə sonuncunun üzünə vurub, saçını yolub, yerə yıxıb başını yerə vurmaqla, sonuncuya qəsdən "sol təpə və alın nahiyyəsinin tüklü hissələrinin nöqtəvari çoxsaylı qansızmaları, sağ gözün bayır küncünün və sağ gözün alt qapağının qançır-hematoması, sağ almacıq nahiyəsinin üç ədəd sıyrığı" ilə nəticələnən sağlamlığa yüngül zərər vurub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, Gülnarı əvvəllər tanımayıb. O, Gülnarın onu söydüyünü, onun əxlaqsızlıq etməsini dediyini eşidib. Bu barədə ona həyat yoldaşı Namiq deyib. Buna görə də əsəbləşib həmin şəxsin yaşadığı ünvana gedib, orada Gülnardan nə üçün belə sözlər dediyini soruşub. Həmçinin əsəbi olduğundan həmin şəxsin saçından tutub dartıb, əllə başına vurub, başını tutub yerə vurub və ona xəsarət yetirmişdir. L.Babayeva əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu deyib və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.
Şəbnəm Mehdizadə