- 23 Aprel 17:53
Bakıda quldurluq etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Cavadovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Cavadov Cinayət Məcəlləsinin 181.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə 9 il 06 ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən o, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 il 06 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Cavadov Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Şimal küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin yaxınlığında olarkən həmin vaxt Orxan Qənbərovun (şərti ad-syad) yaşadığı həmin evin həyətinin giriş darvazasını açaraq “Opel” markalı avtomobilini idarə edərək həyətdən çıxarmaqla darvazanın çöl qarşı tərəfində işlək vəziyyətdə saxladığını, yaşadığı həyət evinin darvazasının qapılarını bağlamaq üçün avtomobildən enib düşdüyünü və yaşadığı həyətə daxil olduğunu görüb. O.Qənbərovun avtomobildən kənarlaşmasını və avtomobilin mühərrikinin işlək vəziyyətdə olmasından istifadə edərək, avtomobilin sürücü oturacağında oturaraq hərəkətə başlamaq istəyən vaxt avtomobilin qarşısına keçən zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan başqın edib üzərinə doğru avtomobili idarə edərək, avtomobilin qabaq sağ təkəri ilə sonuncunun sağ ayağının üzərində keçməklə, ona sağ ayağının və sağ ayaq pəncəsinin əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə ələ keçirdiyi dəyəri 12.000 manat təşkil edən “Opel” markalı avtomobili hadisə yerindən sürüb qaçırıb. Beləliklə, 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan başqın edərək quldurluq edib. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,218 qram çəkidə qəhvəli rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 01 ədəd bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşıyıb. Bakı şəhəri Binəqədi rayon polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən yataqxananın yaxınlığında saxlanılaraq həmin polis bölməsinə gətirilib və üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,218 qram çəkidə qəhvəli rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Şəbnəm Mehdizadə