- 23 Aprel 17:53
Qanunsuz silah saxlamaqda təqsirləndirilən Amid Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Mirdamət Qədirli məlumat verib.
Onun sözlərinə görə, Füzuli Rayon Məhkəməsində hakim Elmir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A.Babayevə bəraət verilib.
"Bəraət hökmünə görə həmin məhkəmənin hakimi, hörmətli Elmir İsmayılova və Məhkəmə-Hüquq Şurasının sədri, hörmətli İnam müəllim Kərimova dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də məhkəmələrdə bəraət hökmü çıxarılan zaman hər kəs sevinir. Ədalətli hökm üçün sizlərə təşəkkür edirəm", - deyə vəkil bildirib.
Qeyd edək ki, A.Babayev ötən ilin iyul ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. A.Babayev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə