- 21:12
Bakıda iş yoldaşının qətlində təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədirliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Elmar Məlikzadənin sözlərinə görə, o, daha əvvəl Şahlar Ağayevi tanımayıb. Hadisə baş verən gün Pünhanla birlikdə Şahların yanına gediblər. Görüş zamanı Şahlarla Pünhan arasında mübahisə yaranıb: "Maşını saxladım gəldim, onlar artıq mübahisə edirdilər, əlbəyaxa dalaşırdılar. Daha sonra davaya 3 nəfər də qoşuldu. Mən özüm davada iştirak etməmişəm, sadəcə onları ayırmışam".
Məhkəmənin növbəti iclası 26 may tarixinə təxirə salınıb.
Qeyd edək ki, 2024-cü il martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev şübhəli şəxs qismində tutulub.
Humay Eminqızı