Bakıda ahıl kişinin qətlində təqsirləndirilən şəxsə 17 il cəza


  • 17:56

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə sənədlər tətbiq edilib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Z.İsayevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini və təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Z.İsayevin vəkili çıxış edərək təqsirləndirilən şəxsin cinayət əməlinin özünü müdafiə etmək məqsədi ilə törətməsinin nəzərə alınmasını istəyib.

Hakim təqsirləndirilən şəxsə son söz verib. Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, Z.İsayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Humay Eminqızı

Oxşar xəbərlər