- 21:12
Bakıda arvadını döyməkdə təqsirləndirilən Oqtay Mirzəyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, O.Mirzəyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1200 (min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilib.
Qeyd edək ki, təqqsirləndirilən şəxs yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanda yerləşən evlərinin qonaq otağında qeyri-rəsmi arvadı Dilarə Məmmədova (ad-soyad şərtidir) ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncuya xəsarət yetirib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 7 il öncə zərərçəkmiş şəxs ilə ailə həyatı qurub, övladları olmayıb. Təxminən iki il öncə rəsmi olaraq boşansalar da, birlikdə yaşamağa davam ediblər. Aralarında mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr olub. Hadisə baş verən gün yaşadıqları evin qonaq qotağında olarkən Dilarə anasıgilə gedəcəyini və axşam saatlarında geri dönəcəyini dedikdə ondan evə tez qayıtmasını istəyib, bu zaman aralarında mübahisə yaranıb, mübahisə zamanı Dilarə ona qarşı nalayiq ifadələr işlətdikdə qəzəblənərək bir neçə dəfə onun üz nahiyəsində əli ilə zərbələr vurub, sonra isə evdən çıxıb gedib. Onun sözlərinə görə, mübahisə təxminən 1-2 dəqiqə davam edib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.
Şəbnəm Mehdizadə