- 18 Aprel 21:22
Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə "Yeni Klinika"ya müayinə və rentgen cavabları ilə bağlı göndərilən sorğu səsləndirilib.
Belə ki, klinika 29 iyul 2024-cü ildə zərərçəkmiş Valeriynin Zaxarenkovun aldığı xəsarətləri təsdiqləyib.
Daha sonra Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edərək tərəflər arasında barışıq barədə danışıqların aparıldığını bildirərək zərərin qarşılanması ilə bağlı rəqəmin müəyyən edilməsi üçün məhkəmənin mühasibat ekspertizasına müraciət etməsi üçün vəsatət verib.
Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini təklif edib.
Daha sonra hakim mühasibatlıq ekspertizası ilə bağlı məsələyə Kuçerin münasibət bildirməsini istəyib.
"Zərərçəkmiş tərəflə dəfələrlə zərərin qarşılanması və müəyyənləşdirilməsi ilə bağlı danışıqlara cəhd etmişik, lakin qarşı tərəf danışıqlara, müzakirələrə cəhd göstərmir", - deyə o bildirib.
Kuçer eyni zamanda tərəflər arasında barışıq müqaviləsi imzalanaraq 2 milyon 773 min avro məbləğin müəyyən edildiyini də qeyd edib.
Daha sonra məhkəmə müşavirəyə gedib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası 25 aprel tarixinə təyin edilib.
Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Humay Eminqızı