Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar - FOTO


  • 14 Aprel 12:52

5-10 aprel tarixlərində Türkiyə Respublikasının Ali Məhkəməsi (Yargıtay) ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyevanın başçılıq etdiyi Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz və Türkiyənin Baş prokuroru Muhsin Şentürk tərəfindən qəbul edilib. Görüşdə iki qardaş ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığı istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Sonra hakimlərimiz türkiyəli həmkarları ilə korporativ mübahisələrin dairəsi və baxılması xüsusiyyətləri, podrat mübahisələrinə baxılmasının xüsusiyyətləri, arbitraj prosesində məhkəmələrin yardım və nəzarət funksiyaları, xarici elementli kommersiya mübahisələrinə baxılmasının xüsusiyyətləri, məhkəmələrin beynəlxalq səlahiyyəti və hüququn digər sahələri ilə bağlı məhkəmə təcrübəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərindəki abidəsi ziyarət edilib.

Oxşar xəbərlər