Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomata hökm oxundu


  • 11 Aprel 18:33

Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Emin İbrahimovun vəkili çıxış edib.

Vəkil təqsirləndirilən şəxsə bəraət verilməsini istəyib.

Daha sonra hakim təqsirləndirilən şəxsə son söz verib.

Sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Emin ibrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonunda qeydə alınıb. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Aralarında yaranan mübahisə zamanı Emin İbrahimov üzərində olan bıçaqla Kamal Şükürovun qarın nahiyyəsinə 1 bıçaq zərbəsi endirib.

Qeyd edək ki, E.İbrahimov özünü təqsirli bilməyib və ittihamı qəbul etməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Humay Eminqızı

Oxşar xəbərlər