"Əgər biz məhkəmə qərarlarının icra olunmasını istəyiriksə, bunu etməliyik" - Əli Hüseynli


  • 11 Aprel 13:25

"Görülmüş tədbirlər nəticəsində 2024-cü ildə son 5 ilin ən yüksək nəticəsi əldə olunub və təxminən 260 mindən çox məhkəmə qərarı icra olunub".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında "İcra haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, burada elektron xidmətlərdən istifadə mühüm rol oynayıb: "Hazırda "Elektron icra" informasiya sistemi fəaliyyət göstərir. Eyni zamanda "Elektron hərrac" platforması da artıq istifadəyə verilib. Əgər əvvəl tərəflər arasında narazılıq baş verirdisə, indi "Elektron hərrac" imkan verir ki, həm borclu, həm də tələbkar razı qalsın. Bu, həm də şəffaflığı təmin edir".

Deputat deyib ki, "İcra haqqında" qanuna təklif edilən dəyişikliklər öz növbəsində "Elektron məhkəmə", "Elektron notariat", "Elektron icra" sistemlərinin vahid elektron məkanda fəaliyyət göstərməsini təmin edən vacib bir dəyişiklikdir.

O, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar "İcra haqqında" qanuna təklif edilən dəyişiklikliyi müsbət qiymətləndirib: "Əgər biz məhkəmə qərarlarının icra olunmasının tərəfdarıyıqsa, bu zaman borclu öz borcunu ödəmədən ölkəni tərk etməməlidir. Bu qayda bir çox mütərəqqi ölkələrdə mövcuddur və bizim qanunvericilikdə də bu var idi, indi isə daha da təkmilləşdirildi".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər