"Heç bir reallığa əsaslanmayan hesabatlar Azərbaycan hakiminin iradəsinə təsir etməyə, bu iradəni sındırmağa yönəlib"


  • 11 Aprel 13:15

"Yuxarı instansiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı möhtərəm Prezidentin təqdimatını birmənalı şəkildə dəstəkləyirəm. Bu gün qlobal miqyasda ikili standartlara əsaslanan və dünyada gücün hüquqa qalib gəldiyi elə bir konfiqurasiyada yaşayırıq ki, hakim işləmək həqiqətən çətin məsələdir. Təbii ki, Azərbaycan daxilində məhkəmə hakimiyyətinin müstəqilliyi qarşısında heç bir əngəl mövcud deyil, əksinə, məlumdur ki, Azərbaycan Konstitusiyasının 8-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır və bu gün əminliklə deyə bilərik ki, cənab İlham Əliyev tam mənada məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısına çevrilə bilib. Lakin məhkəmə hakimiyyətinin müstəqilliyindən danışan çoxsaylı beynəlxlaq təsisatlar Azərbaycan məhkəmə qərarlarına açıq hörmətsizlik etməklə, məhkəmə proseslərini siyasiləşdirməklə qeyri-adekvat bir duruma yol açmağa cəhd edirlər.

E-huquq.az xəbər verir ki bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu gün Avrostrukturlar və qlobal insan haqları təsisatları üçün qanuna, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslan, öz qəti iradəsi olan hakim yox, Qərbin saxta tezislərinin icraçısına çevirə biləcəyi hakim obrazı maraqlıdır.

“Bu gün özünü insan haqları təşkilatları adlandıran çoxsaylı strukturların heç bir reallığa əsaslanmayan hesabatları, çoxsaylı qərəzli media təsisatlarıının yaydığı məlumatlar, o cümlədən xarici qüvvələrin yerli alətlərinə çevirilən antimilli ünsürlərin sosial media üzərindən çağırışları açıq formada Azərbaycan hakiminin iradəsinə təsir etməyə, daha kobud desək, bu iradəni sındırmağa yönəlib. Bu gün faktiki olaraq Azərbaycan məhkəməsindən bərabərlik hüququndan imtina etmək, siyasi mənsubiyyətinə görə insanlara ayrıcalıq tanımaq, Qərbin marionetlərinə münasibətdə cəzasızlıq mühiti formalaşdırmaq tələb olunur”, - deyə deputat qeyd edib.

B. Məhərrəmov vurğulayıb ki, Azərbaycan heç vaxt Qərb təsisatları, xüsusən qərb məhkəmə təsisatları üçün qapılarını bağlamayıb: “Hələ 22 fevral 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev Fərmanla Hökumətə tapşırıq vermişdi ki, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsünlər. O cümlədən, Prezident İlham Əliyevin hələ 2006-cı il 19 yanvar tarixli Fərmanı və 28 dekabr 2006-cı il Sərəncamında tövsiyyə edilrdi ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının, o cümlədən Avropa İnsan haqları məhkəməsinin təcrübəsini məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Yəni Azərbaycan Respublikası kifayət qədər qətiyyətlə iradə ifadə edib, amma əvəzində nə görmüşük? İllərlə ərizəçilərin müraciətlərinə “prosedura uyğun formada” ləngidən AİHM siyasi işartı gördüyü bütün işlərə 3-5 gün ərzində baxaraq daha çox məhkəmə kimi yox radikal müxalifət partiyası kimi davranıb.

AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq məqsədi ilə 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdikdən sonra da AİHM eyni ampluada antiazərbaycan siyasi mərkəz kimi fəaliyyətini davam etmişdir. Baxmayaraq ki, biz artıq faktiki olaraq qurumdan kənarıq və məhkəmənin formalaşdırılmasında iştirak etmirik. Belə çıxır ki, səs hüququmuz alınır, amma bizi cəzalandırmaq haqqını özlərində saxlamaq istəyirlər. Təbii ki, buna yol verilməməlidir və bu mənada Prezident İlham Əliyev ADA Universitetində haqlı olaraq Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin məhkəmənin qərarlarını tanımadığını bəyan etdi və dövlət başımızın bu bəyanatı sadəcə alqışlanmalıdır”.

Deputat deyib ki, Prezident İlham Əliyevin ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu tarixi çıxışı da bir daha nümayiş etdirdi ki, bu bölgənin güc, nüfuz və imkan sahibi kimdir: “Bütün dünya gördü ki, regionda işğala təcavüzə separatizmin öldürücü təsirinə məruz qalmış ölkə əvəzinə öz problemlərini öz gücünə həll etmiş, hərbi-siyasi qələbələri ilə yeni təhlükəsizlik arxitekturasıl formalaşdırmış, qurduğu siyasi, iqtisadi, mədəni əlaqələrlə tərəfdaşlığın unikal ab-havasını yaratmış qüdrətli bir dövlət bərqərar olub. Bir vaxtlar 1600 faizlik inflyasiya burulğanında olan, enerji resurslarını realizə etməkda aciz qalan ölkə bu gün artıq Avropanın enerji təhlükəsizliyinin qarantoruna çevrilərək şərtlər diqtə edir. 30 il əvvəl kimsə bu cür danışa bilmək imkanımızı təsəvvür edə bilərdimi? Bu, artıq tam azad, müstəqil və suveren davranmağa imkan verən real gücdür. Bir dövlət bundan daha artıq necə müstəqil ola bilər? Azərbaycan cəmiyyətində azadlığı Avrostrukturların saxta tezislərində axtaranlar niyə başa düşmək istəmir ki, xalqlara iki marionetdən birini seçmək imkanını demokratik seçki və azad iradə ifadəsi kimi təlqin edən Qərb təbliğat sistemləri əslində mahiyyətcə ən təhlükəli avtokratiya və diktatura alətləridir”.

“Bir vaxtlar cənab İlham Əliyev bir sıra qərb təsisatları, o cümlədən insan haqları təşkilatları və media strukturlarının muzdlu kuklalar olduğunu deyəndə qulaqlarını tutanlar bu gün özləri eyni bəyanatlar verir. Bu o deməkdir ki, həmin təsisatların fəaliyyəti də yaydığı xəbərlər də səhih və dürüst olmayıb, o cümlədən də Azərbaycan əleyhinə fəaliyyətləri bizim illər ərzində iddia etdiyimiz kimi tam mənada qərəzli imiş. Artıq bu muzdlu təbliğat mexanizmləri ifşa edilibsə deməli bunların Azərbaycan əleyhinə formalaşdırdığı informasiya çirkabı da təmizlənməlidir, bu çirkabın arxasında dayananlar ölkəmizdən üzr istəməli, ölkə daxilində isə bu mexanizmin bir parçası kimi çıxış edən antimilli şəbəkənin barəsində hüqiqi araşdırmalar başlanmalıdır.

Bu mənada hesab edirəm ki, hakimlərimiz cari reallıqları yaxşı dərk etməli, mediada. Sosial mediada yazılan, “hesabatlarda” sadalananlara heç bir əhəmiyyət verməməlidir. Unutmamalıyıq ki, qalib dövlət, qalib dövlətin hakimi mühakimə edilmir, mühakimə edir”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər