- 30 Aprel 17:35
Aktyor İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməkdə təqsirləndirilən İslam Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib .
O, İslam Hadıyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Hakim təqsirləndirilən şəxsə son söz verib.
İslam Hadıyev 20 il cəzaya razı olduğunu, amma ömürlük həbs ilə cəzalandırılmamasını xahiş edib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən hökm oxunub. Hökmə əsasən, İslam Hadıyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 22-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
İki nəfərin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı