Nazim Quliyevə hökm oxundu


  • 10 Aprel 13:23

“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Nazim Quliyevin vəkili vəsatətlə çıxış edib.

Vəkil ifadələrdə müəyyən ziddiyətlərin olduğunu bildirərək müstəntiqin məhkəməyə çağırılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim müstəntiqin məhkəməyə çağırılmasının əsassız olduğunu bildirib.

Daha sonra dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı Nazim Quliyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Prokuror eyni zamanda təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Sonra Nazim Quliyev məhkəmədən ona bəraət verilməsini istəyib: “Cinayət törətməmişəm, cinayətə də nifrət edirəm. Məhkəmədən mənə bəraət verilməsini istəyirəm”.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub. Hökmə əsasən, Nazim Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İş üzrə ona qaldırılan mülki iddialar qismən təmin edilib. Belə ki, onun üzərinə həbs qoyulmuş mənzildə yerləşən evinin satılıb əldə olunan məbləğ zərərçəkmişlərə ödəniləcək. Digər evləri və maşının üzərinə qoyulan həbs isə götürüləcək.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə); 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

Humay Eminqızı

Oxşar xəbərlər