- 17 Aprel 21:12
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramovanın vəkili vəsatətlə çıxış edib.
Vəkil Aynur Bayramovanın səhhətində yaranan problemləri nəzərə alaraq onun ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Sonra zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Ramin İsmayılov Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 15 min dollar mülki iddia qaldırıb. Onun mülki iddiası icraata qəbul edilib.
Şahid Zaur Qədirov yalnız Aynur Bayramova və Nuridə Seyidovanı tanıdığını bildirib. O, övladı talassemiya xəstəliyindən əziyyət çəkən zərərçəkmiş Elman Nuriyevin təqsirləndirilən şəxslərə 12 min dollar pul verdiyinə şahid olduğunu söyləyib.
Şahid Ruslan Hacıyev yalnız Aynur Bayramovanı tanıdığını bildirib. Onun sözlərinə görə, övladı talassemiyadan əziyyət çəkir. Ruslan Hacıyev Aynur Bayramovanın ondan 17 min dollar istəndiyini, yalnız bacısının 10 min dollar verdiyini bildirib. Nuridə 10 min dolları götürdüyünü təsdiqləyib.
Hakim qanların hava limanında aparılmasına dair sənədlərin Aynur Bayramovada olub-olmadığını soruşub.
“Talassemiya mərkəzi mənə razılıq verirdi və bu razılıq ilə qanları aeroportdan keçirirdim. Bu günə kimi yalnız 1 dəfə qanları daşıdığım konteyner açılaraq yoxlanılıb”, - deyə təqsirləndirilən şəxs cavabında bildirib.
Daha sonra ölkə ərazisində olmayan zərərçəkmişlərin ifadələri elan edilib.
Zərərçəkmişlərdən birinin ifadəsinə görə, onun övladı talassemiya xəstəliyindən əziyyət çəkir və bununl bağlı yardıma ehtiyyacları olub. Ona görə də ATV telekanalında də Zaur Baxşaliyevin aparıcılığı ilə yayımlanan “Bizimləsən” verlişinə müraciət edib. Verlişdə xəstə üçün müəyyən məbləğ toplanıb. Daha sonra Aynur Bayramova verilişə zəng edərək pulun qalığını tamamlayaraq 60 min dolları ödəyəcəyini söyləyib. Lakin Aynur və Nuridə zərərçəkəndən 20 min dollar alaraq başqa xəstənin adına köçürdüklərini bildiriblər.
Sonra Aysel Məmmədova Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımının və Taryel Ömərovun məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verib.
Həmçinin Aynur Bayramova da Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərovanın və həmin Mərkəzin sabiq baş direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması üçün vəsatət verib.
Məhkəmə hər iki vəsatəti təmin edib.
Məhkəmənin növbəti iclasında şahidlər dindiriləcək və sənədlər elan ediləcək.
Məhkəmənin növbəti iclası 16 aprel tarixinə təyin edilib
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı