"Şikayətimiz əsasında qəbul edilən qərar vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktıdır" - Pərviz Məmmədov


  • 8 Aprel 16:49

Ali Məhkəmədə işçinin işdən qanunsuz çıxarılması barədə iddia ilə bağlı qərardan verilən kassiyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a işəgötürənin vəkili Pərviz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, işçi işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 1 ay sonra xitam verilməsini xahiş edib. İşəgötürən isə həmin müddəti gözləmədən 3 gün sonra əmək müqaviləsinə xitam verib. İddiaçı xəbərdarlıq müddətinin gözlənilmədiyinə istinad edərək, işdən azad olunması barədə əmrin ləğv olunması və işinə bərpa olunması barədə iddia qaldırıb. İşə baxan birinci və apelyasiya instansiya məhkəmələri əmri qanunsuz hesab etməklə, işçinin işə bərpa olunması qənaətinə gəliblər.

P.Məmmədov deyib ki, bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib: "Ali Məhkəmənin qərarında qeyd edilib ki, işçi işdən çıxma barədə ərizəni geri götürmədiyinə görə şirkət onu işdən çıxarmaqda haqlıdır. Lakin eyni zamanda şirkət, işçinin 30 günlük xəbərdarlıq dövrünə uyğun maaşını ödəmək öhdəliyini yerinə yetirməlidir".

Vəkilin bildirib ki, bununla da işəgötürən tərəfindən işçinin ərizəsində göstərilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsinin hüquqi nəticələrinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib. Sözügedən əmək mübahisəsi üzrə qəbul edilən qərar “Məhkəmə aktlarının indeksləşdirilməsi qaydaları” çərçivəsində 3 ulduz ilə qiymətləndirilib.

Qeyd edək ki, ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır (ətraflı: https://supremecourt.gov.az/storage/pages/1971/mehkeme-aktlarinin-indekslesmesi-qaydalari.pdf).

Bu qaydalar çərçivəsində qərar 3 ulduzla fərqləndirilib ki, bu da qərarın Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktı olması mənasına gəlir.

Oxşar xəbərlər