- 15:10
E-huquq.az Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun "Cinayət mühakimə icraatında mülki iddia" adlı məqaləsini oxucuların diqqətinə təqdim edir:
Bu məqalədə cinayət mühakimə icraatında mülki məhkəmə çəkişməsinin konsepsiyası və mülki iddianın baxılmasının aktual məsələləri təhlil edilir.
Hesab edirik ki, cinayət mühakimə icraatında təsbit olunmuş mülki iddia institutunun mahiyyətcə iki hüquq sahəsinin, yəni cinayət və mülki hüquq sahəsinin normaları arasında “təmas nöqtəsi” olduğu nəzərə alınaraq bu institutun ətraflı şəkildə araşdırılmasına zərurət vardır.
İlk olaraq qeyd olunmalıdır ki, cinayət işləri üzrə mülki məhkəmə çəkişməsi cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsinə yönəlmiş maddi və prosessual hüquq normalarını özündə birləşdirən mürəkkəb sahələrarası hüquq institutudur.
Zənnimizcə, cinayət mühakimə icraatında mülki iddia institutunun praktiki aspektlərinin təhlilinə qanunvericilikdə təsbit edilmiş bəzi normaları sadalamaqla başlamaq məqsədəmüvafiqdir.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Eyni zamanda, Türkiyə Respublikasının, Rusiya Federasiyasının və bir sıra digər dövlətlərin qanunvericilik sistemində də cinayət mühakimə icraatında mülki iddianın təsbit olunmasına dair normalar öz əksini tapmışdır.
Beləliklə, biz Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində mülki iddia institutunun təsbit olunduğu normaları aşağıda qeyd olunan bir neçə mərhələyə bölməklə təhlil etməyə çalışacağıq.
1. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.
Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, mülki məhkəmə icraatında verilmiş mülki iddianın əsaslılığını sübut etmə yükü iddiaçının üzərinə düşür.
Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, mülki məhkəmə icraatından fərqli olaraq, cinayət mühakimə icraatında bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərin vurulması faktını və zərərin miqdarını təsdiq edən sübutların əldə edilməsi üçün daha geniş imkanlar mövcuddur və bu hal mülki iddianın sübutunu asanlaşdırır. Bir çox hallarda isə cinayət əməli nəticəsində zərərin vurulması faktı və zərərin miqdarı cinayət işi üzrə əsas sübut etmə predmetini təşkil edir.
Beləliklə, Cinayət Prosessual Məcəllənin 179.1 və 179.2-ci maddələrinin təhlilinin nəticəsi olaraq bu qənaətə gəlirik ki, mülki iddiaçı baxımından cinayət mühakimə icraatında mülki iddianın sübut edilməsi imkanı mülki məhkəmə icraatında verilmiş mülki iddianı sübut etmək imkanından daha sadə və əlverişlidir.
2. Cinayət Prosessual Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, cinayət mühakimə icraatında mülki iddia üzrə qərarın iddianın predmetindən asılı olaraq yalnız mülki qanunvericiliyin deyil, digər qanunvericilik sahələrinin (əmək, ailə, inzibati-publik və sair) normalarına uyğun qəbul edilməsinin mümkünlüyü də təsbit olunmuşdur.
Cinayət Prosessual Məcəllənin 179.3-cü maddəsinin təhlili ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, bir sıra iddialar (tələblər) mövcuddur ki, bu iddialar həm inzibati məhkəmə icraatı daxilində araşdırılır, həmçinin də cinayət işləri üzrə verilmiş mülki iddia kimi məhkəmə araşdırmasının predmetini təşkil edir.
Belə ki, mövcud məhkəmə təcrübəsində bir sıra hallarda inzibati orqanlar tərəfindən fiziki şəxslərə qarşı irəli sürülmüş pul vəsaitinin geri qaytarılması barədə iddialara inzibati məhkəmələr və ya cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr tərəfindən baxılır. Baxmayaraq ki, hər iki halda iddia tələbinin faktiki əsaları eynilik təşkil edir. Məsələn, saxta sənədlər əsasında təyin edilmiş əlillik dərəcəsinə və ya pensiyaya görə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair iddialar.
Bu kimi iddialar inzibati məhkəmələr tərəfindən araşdırılarkən qeyd olunan tələbin inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olduğu və iddianın öhdəliyin icrası haqqında iddia tələbi olması müəyyən edildiyindən bu iddialara inzibati məhkəmlər tərəfindən baxılır, bir sıra hallarda isə cavabdeh fiziki şəxs tərəfindən qanunazidd hərəkətlərə yol verildiyi müəyyən edilməklə iddialar təmin edilir.
Qeyd olunan iddialara inzibati məhkəmələr tərəfindən baxılarkən bir qayda olaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü və İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 67-ci maddələrinə istinad olunur.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin tələblərinə əsasən maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, bundan başqa səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda və yaxud da inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz.
Bununla yanaşı, cinayət işləri üzrə də inzibati orqanlar tərəfindən fiziki şəxslərə qarşı pul vəsaitinin geri qaytarılması barədə verilmiş bu kimi iddialar üzrə tələb cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi olaraq dəyərləndirildiyindən bu iddialar da cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr tərəfindən araşdırılır və cavabdeh fiziki şəxs tərəfindən qanunazidd hərəkətlərə yol verildiyi müəyyən edildikdə bu iddialar da təmin edilir.
Sadalananlara əsasən hesab edirik ki, qeyd olunan istisna hallarda inzibati orqanlar tərəfindən fiziki şəxslərə qarşı irəli sürülmüş pul vəsaitinin geri qaytarılması barədə iddialara inzibati məhkəmələr və ya cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr tərəfindən baxılması qanunvericiliyin tələbləri ilə uzlaşır.
Bu mövqeyimizi aşağıda qeyd olunan təhlilimizlə əsaslandırmağa çalışacağıq.
Belə ki, Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 01 sentyabr 2000-ci il tarixdə, Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi isə 01 yanvar 2011-ci il tarixdə qüvvəyə minmişdir.
Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən 11 il öncə qanunvericilik sisteminə daxil edilmişdir. Həmin dövrdə isə ölkəmizin qanunvericilik sistemində İnzibati Prosessual Məcəllə mövcud olmamış və hazırda İnzibati Prosessual Məcəllə ilə tənzimlənən prosessual qaydalar həmin dövrdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənmişdir.
Qeyd olunanlara əsasən hesab edirik ki, 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində mülki iddia termini (anlayışı) əvəzinə mülki və inzibati iddia termininin (anlayışının) istifadə edilməsi mümkün olmamışdır.
Zənnimizcə, inzibati məhkəmələr tərəfindən baxılan inzibati orqanların fiziki şəxslərə qarşı irəli sürdüyü pul vəsaitinin geri qaytarılması barədə bu kimi iddialara, cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr tərəfindən də baxılması fiziki və ya hüquqi şəxslərin hüquqlarının daha səmərəli şəkildə təmin edilməsi məqsədi ilə yolverilən hesab edilməlidir.
3. Cinayət Prosessual Məcəllənin 179.3-cü maddəsinin təhlilinin davamı olaraq onu da qeyd etməyi zəruri hesab edirik ki, bir sıra hallarda cinayət hadisəsi əmək münasibətləri zamanı baş verir (törədilir) və həmin cinayət işləri üzrə verilmiş mülki iddia əksər hallarda əmək münasibətlərindən irəli gələn mübahisələrə aid olur.
Hesab edirik ki, qeyd olunan cinayət işləri üzrə irəli sürülmüş mülki iddialarla baxılarkən aşağıda qeyd olunan halların nəzərə alınması zəruridir.
Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrində (maddə 72, 186, 194, 199, 238, 310, 313) əmək münasibətləri ilə əlaqədar baş vermiş cinayət hadisələri ilə bağlı veriləcək mülki iddianın həllini tənzimləyən normalar təsbit olunmuşdur.
Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsində də əmək münasibətləri ilə əlaqədar törədilmiş cinayət hadisələri üzrə veriləcək mülki iddianın həllini təsbit edən bir sıra normalar mövcuddur.
Qeyd olunan normaların məzmunundan müəyyən olunur ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü (məhdud məsuliyyət və tam maddi məsuliyyət) müəyyən edilmişdir.
Zənnimizcə, əmək münasibətləri ilə əlaqəli olan cinayət işləri üzrə mülki iddialara baxılarkən işçinin tam maddi məsuliyyət daşıyıb-daşımadığı müəyyənləşdirilməklə iddia öz hüquqi həllini tapmalıdır.
4. Cinayət Prosessual Məcəllənin 179.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir.
Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.
Bununla yanaşı qeyd olunmalıdır ki, iddia müddətinin tətbiq edilmədiyi hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında da təsbit olunmuşdur.
Qeyd olunan normaların əlaqəli şəkildə təhlilinin nəticəsi olaraq müəyyən olunur ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verildiyi təqdirdə iddia müddətinin tətbiq edilib-edilməməsi məhz Mülki Məcəllənin və digər qanunvericilik aktlarının müddəaları əsas götürülməklə (Mülki Məcəllə 372-384, 550-554-cü və digər maddələr) müəyyən ediləcəkdir.
Sadalananlardan da göründüyü kimi, mülki məhkəmə icraatından fərqli olaraq cinayət mühakimə icraatı zamanı iddia müddətinin tətbiqinin nəzərdə tutulmaması, məhz cinayət mühakimə icraatı zamanı mülki iddianın verilməsinin zəruriliyini və daha əlverişli olmasını bir daha təsdiq edir.
5. Cinayət Prosessual Məcəllənin 180.1-ci maddəsinə əsasən, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir.
Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması yenidən mülki iddia verilməsini istisna edir.
Hesab edirik ki, məhkəmə baxışı zamanı mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qəbul edilmiş qərar mülki iddianı mahiyyəti üzrə həll etdiyindən bu qərar müşavirə otağında akt şәklindә tərtib olunan sənəddə əks olunmalıdır.
6. Cinayət Prosessual Məcəllənin 181.1-ci maddəsinin tələblərinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.
Hesab edirik ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan şəxslərin dairəsini müəyyən etmək üçün ilk növbədə “əmlak” termininin (anlayışının) hüququ məzmununun (mahiyyətinin) dəqiqləşdirilməsi zəruridir.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir.
Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.
Sadalanan maddələrin məzmunundan müəyyən olunur ki, əmlak əşyadan geniş anlayışdır. Belə ki, əmlak anlayışı özündə əşyadan başqa, həm də qeyri-maddi əmlak nemətlərini əhatə edir.
Almaniya mülki hüquq doktrinasında L.Ennekserus əmlaka belə tərif verir: əmlak şəxsin ehtiyacının təmin olunmasına xidmət edən hüquqların məcmusudur.
Müasir müəlliflərdən A.Rörixt isə əmlaka belə tərif verir: mülki hüquqda əmlak dedikdə, pulla ifadə edilən qiymətə malik olan və ya pulla qiymətləndirilə bilən hüquqların cəmi başa düşülür.
Göründüyü kimi, hüquqi mənada əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
Qeyd olunan təhlildən belə müəyyən olunur ki, cinayət əməli nəticəsində əşyalarına və (və ya) qeyri-maddi əmlak nemətlərinə ziyan vurulmuş şəxslər Cinayət Prosessual Məcəllənin 181.1.1 və 181.1.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla cinayət mühakimə icraatı zamanı mülki iddia verə bilərlər.
7. Sadalananlardan əlavə olaraq, hesab edirik ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququnun cinayət prosesinin iştirakçısı olub-olmamasından asılı olmayaraq kimlərə məxsus olmasının müəyyənləşdirilməsi də zəruridir.
Belə ki, bir qisim hüquqşünas alimlər mülki iddia vermək hüququnun yalnız ittiham tərəfinə məxsus olduğunu bildirsələr də, bir qisim hüquqşünas alimlər isə mülki iddia vermək hüququnun cinayət əməli nəticəsində ziyan vurulmuş istənilən fiziki və ya hüquqi şəxsə məxsus olduğunu düşünürlər.
Zənnimizcə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində əmlakına vurulmuş ziyanı tələb etmək hüququnun istənilən fiziki və ya hüquqi şəxsə məxsus olmasının təsbit edilməsi daha ədalətli yanaşma olacaqıdr.
Belə ki, Cinayət Prosessual Məcəllənin müddəalarında mülki iddia vermək hüququnun yalnız cinayət prosesinin iştirakçılarına məxsus olmasına dair hər hansı imperativ qayda təsbit olunmamışdır.
Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarında (əlavə və dəyişiklərlə birgə) formalaşdırdığı hüquqi mövqeyinə əsasən, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində tanınmalıdır. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində Cinayət Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.
Sadalananlardan da göründüyü kimi, cinayət əməli nəticəsində əmlakına vurulmuş ziyanı tələb etmək hüququ (mülki iddia vermək hüququ) cinayət mühakimə icraatı zamanı istənilən fiziki və ya hüquqi şəxsə məxsusdur.
8. Təhlilimizin davamı olaraq cinayət mühakimə icraatı zamanı maddi ziyan tələbi irəli sürülmədən mənəvi ziyan tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məsələni araşdırmağa çalıçacağıq.
Belə ki, bir qisim hüquqşünas alimlər cinayət mühakimə icraatı zamanı mənəvi ziyan tələbinin irəli sürülməsini maddi ziyan tələbi verildiyi halda (subsidiar) mümkün hesab etsələr də, bir qisim hüquqşünas alimlər isə cinayət mühakimə icraatı zamanı mənəvi ziyanın ödənilməsi tələbinin müstəqil şəkildə mülki iddia olaraq verilməsinin mümkün olduğunu hesab edirlər.
Fikrimizcə, qeyd olunan fərqli yanaşmalar mövcud məhkəmə təcrübəsi və qanunvericilikdə bu halları tənzimləyən normalar nəzərə alınmaqla araşdırılmalıdır.
Belə ki, Cinayət Prosessual Məcəllənin 181.2 və 181.2.4-cü maddələrinin tələblərinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər.
Hesab edirik ki, mənəvi ziyanın ödənilməsi (kompensasiyası) tələbinin cinayət mühakimə icraatı zamanı müstəqil şəkildə, yəni maddi ziyan tələbinin verilməsindən asılı olmayaraq irəli sürülməsinin mümkünlüyünü müəyyən etmək üçün ilk növbədə “mənəvi ziyan” anlayışının mahiyyətini dəqiqləşdirmək zəruridir.
Belə ki, mənəvi ziyan qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsə anadangəlmə və ya qanun əsasında məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, ailə sirri və sair) hüquqlarını pozmaqla mənəvi sarsıntı və iztirab verir.
Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır.
Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
Mənəvi təzminat isə hüquqazidd əməllə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı, iztirab və mənəvi sarsıntının unudulması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
Zənnimizcə, yuxarıda sadalanan yanaşmalar “mənəvi ziyan” anlayışının mahiyyətini tam dəqiqləşdirməyə kifayət edəcəkdir.
Hazırkı mərhələdə isə cinayət mühakimə icraatı zamanı mənəvi ziyanın ödənilməsi tələbinin müstəqil şəkildə irəli sürülməsinin mümkünlüyünü təhlil etməyi məqsədəmüvafiq hesab edirik.
Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 2014-ci il 21 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək Cinayət Prosessual Məcəllənin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir.
Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
Qeyd olunanlara əsasən hesab edirik ki, cinayət mühakimə icraatı zamanı mənəvi ziyanın ödənilməsi tələbinin müstəqil şəkildə, yəni maddi ziyan tələbi olmadan da verilməsi mümkün, bəzi hallarda isə zərərçəkmiş şəxslərin hüquqlarının tam təmin edilərək ədalətin bərpası üçün zəruridir.
Belə ki, Cinayət Məcəlləsində təsbit olunmuş bir sıra cinayət əməllərinin (böhtan, təhqir) obyektini şəxsin ləyaqətinin toxunulmazlığını tənzimləyən içtimai münasibətlər təşkil edir. Bu cinayət işləri üzrə şəxsin cinayət mühakimə icraatı zamanı maddi ziyan tələbinə dair iddia vermədən mənəvi ziyan tələbinə dair iddia irəli sürməsinin istisna edilməsi (yolverilməz hesab edilməsi) ağlabatan mühakimə hesab edilə bilməz. Zənnimizcə, bu yanaşma prosessual qənaət prinsipi baxımından da məqsədəmüvafiq deyildir.
Bununla yanaşı, qeyd etmək istəyirik ki, cinayət mühakimə icraatı zamanı maddi ziyan tələbi irəli sürülmədən mənəvi ziyan tələbinin müstəqil şəkildə irəli sürülməsinin istisna edilməsi zərərçəkmiş tərəfindən maddi ziyan tələbinin formal olaraq irəli sürülməsi ilə nəticələnə bilər.
Belə ki, cinayət mühakimə icraatı zamanı mənəvi ziyan tələbini maddi ziyan tələbi olmadan irəli sürmək imkanından məhrum olunmuş şəxs mənəvi ziyan tələbinin icraata qəbul edilməsi məqsədi ilə maddi ziyan tələbini formal olaraq irəli sürmək seçimini edə bilər. Bununla da o, mənəvi ziyan tələbinin məhkəmənin icraatına qəbul edilməsi imkanını reallaşdırmış olacaqdır.
Bu hal isə mənəvi ziyan tələbinin icraata qəbul edilməsi məqsədi ilə formal olaraq verilmiş maddi ziyan tələbinin cinayət mühakimə icraatı daxilində araşdırılması və məhkəmənin iş yükünün lüzumsuz olaraq artması ilə nəticələnəcəkdir.
Sadalananlara əsasən hesab edirik ki, bir hüququn həyata keçirilməməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilməməlidir.
Bundan əlavə, xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-cı maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
Göründüyü kimi, yuxarıda sadalanan mülki-hüquqi müdafiə, yəni məlumatın təkzib olunmasını tələb etmək hüququ, pozulmuş və ya ləkələnmiş şərəfi, ləyaqəti, işgüzar nüfuzu tam bərpa etmək məqsədi güdür.
Bu məqsədə nail olmaq üçün isə zərərçəkən şəxs, böhtan atan və ya təhqir edən şəxsin cinayət mühakimə icraatı qaydasında cəzalandırılmasından asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında məlumatların təkzib olunması ilə bağlı iddia verə bilər. Lakin, böhtan atan və ya təhqir edən şəxs barəsində çıxarılmış ittiham hökmündə qeyd olunan mülki-hüquqi müdafiə üsullarının (təkzib etmə və sair) tətbiqi nəzərdə tutularsa, bu təqdirdə mülki məhkəmə icraatı qaydasında məlumatların təkzib olunması ilə bağlı təkrar iddia verilməsi istisna ediləcəkdir.
9. Sadalananlarla yanaşı, hesab edirik ki, cinayət mühakimə icraatı zamanı mülki iddia qismində işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair tələbə baxılmasının yolverilən (mümkün) olub - olmamasının araşdırılması zəruridir.
İlk olaraq qeyd edilməlidir ki, əmək hüququ xüsusi hüququn bir sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir.
Əmək münasibətlərində işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.
Beləliklə, cinayət mühakimə icraatı zamanı mülki iddia qismində işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair tələbin irəli sürülməsinin yolverilən (mümkün) olub - olmamasını aşağıda qeyd olunan yanaşmamızla təhlil etməyə çalışacağıq.
Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbindən göründüyü kimi, işə bərpa tələbinə baxan məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair məsələni də araşdırmalı, hətta bu tələb, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair tələb irəli sürülmədiyi halda belə, Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri nəzərə alınmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməldir.
Göründüyü kimi, işə bərpa tələbinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi ilə birgə baxılması əmək qanunvericiliyində imperativ qaydada müəyyən edilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Bundan əlavə, Cinayət Prosessual Məcəllənin 181.1-ci maddəsinin tələbinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.
Bundan başqa, Cinayət Prosessual Məcəllənin 181.2-ci maddəsinin tələbinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, itirilmiş gəlirin ödənilməsi barədə mülki iddia verə bilər.
Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin tələbinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Pullar və sənədli qiymətli kağızlar əmlak hesab olunurlar.
Qeyd olunan normaların əlaqəli şəkildə təhlilinin nəticəsi olaraq müəyyən olunur ki, işə bərpa tələbini irəli sürən iddiaçı tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair tələbin irəli sürülüb-sürülməməsindən asılı olmayaraq işə baxan məhkəmə iddia tələblərindən kənara çıxaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul etməlidir.
Sadalananlara əsasən hesab edirik ki, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair tələb əmlak (pul) tələbi olduğundan qeyd olunan iddiaya, yəni işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiaya cinayət mühakimə icraatında baxılmasının mümkünlüyünə dair məsələ hüquqşünas alimlər tərəfindən ətraflı şəkildə araşdırılaraq yekun qənaətə gəlinməlidir.
Əlavə olaraq qeyd etmək istəyirik ki, şəxsin cinayət əməli nəticəsində işdən çıxarılması müəyyən edildiyi halda həmin şəxsə işdən çıxarılması nəticəsində maddi ziyan vurulması və onun əmək hüquqlarının pozulması istisna olunmur. Bu halda isə cinayət mühakimə icraatı qaydasında verilmiş işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiaya baxılmasının istisna olunması ədalətli yanaşma hesab oluna bilməz.
Bununla yanaşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiaya cinayət mühakimə icraatında baxılması gələcəkdə həmin tələb üzrə mülki mühakimə icraatı qaydasında veriləcək tələblə bağlı iddia müddətinin ötürülməsi imkanını aradan qaldırmaqla yanaşı, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin hüquqlarının daha qısa müddətə və daha səmərəli formada təmin olunmasına yönələcəkdir.
Beləliklə, yuxarıda sadalanan təhlilimizin yekun nəticəsi olaraq bu qənaətə gəlirik ki, cinayət mühakimə icraatında mülki iddia institutunun geniş tətbiqi məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatların həyata keçirilməsi baxımından da zəruridir.
Belə ki, cinayət mühakimə icraatında mülki iddianın geniş tətbiqi digər məhkəmələrin iş yükünün azaldılması ilə yanaşı, eyni mübahisənin mülki və ya inzibati məhkəmə icraatı daxilində təkrar araşdırılmasının qarşısının alınması, zərərçəkmiş şəxsin hüquqlarının daha effektiv qorunması və vurulmuş zərərin qısa müddət ərzində bərpa olunması ilə nəticələnəcəkdir.
Əlavə olaraq, onu da qeyd etmək istəyirik ki, cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın bərpa edilməsi məqsədi ilə cinayət qanunvericiliyində xüsusi müsadirə institutu da nəzərdə tutulmuşdur.
Hesab edirik ki, cinayət mühakimə icraatında xüsusi müsadirə institutunun nəzəri və praktiki aspektlərinin araşdırılması, həmçinin mülki iddia instituti ilə xüsusi müsadirə institutunun oxşar və fərqli cəhətlərinin təhlil edilməsi də məqsədəmüvafiq olacaqdır.
Lakin hazırkı mövzunun genişliyini nəzərə alaraq qeyd etmək istəyirik ki, xüsusi müsadirə institutunun araşdırılması, həmçinin mülki iddia instituti ilə xüsusi müsadirə institutunun oxşar və fərqli aspektlərinin təhlil edilməsinə dair növbəti məqaləmiz yaxın zamanda oxucuların diqqətinə təqdim olunacaqdır.
İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya.
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.
4. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi.
8. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanununu.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
10. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı.
11. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarı.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarı.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 2014-ci il 21 fevral tarixli Qərarı.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarları.
15. Sabir Allahverdiyev. Azərbaycan Respublikasinin mülki hüquq kursu, ümumi hissə I cild. Bakı: Digesta nəşriyyatı,-2008.
16. Sabir Allahverdiyev. Azərbaycan Respublikasinin mülki hüquq kursu, xüsusi hissə II cild. Bakı: Digesta nəşriyyatı,-2009.
17. С.И.Байчоров. Гражданский иск в уголовном процессе. Aктуальные проблемы права международная заочная научная конференция. Москва: Издательство Ваш полиграфический партнер,-2011.
18. D.M.Артемов. Научная трактовка и элементы гражданского иска в уголовном судопроизводстве. Новый юридический вестник. Казань: Издательство Молодой ученый,-2022.
19. М.Ф. Федоров. Понятие и основания гражданского иска в уголовном деле. Молодой ученый Международный научный журнал. Казань: Издательство Молодой ученый,-2022.