Talassemiyalı uşaqlar üçün yığılan vəsaiti ələ keçirməkdə təqsirləndirilənlərin məhkəməsi davam etdirilib


  • 19 Mart 12:33

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Füzuli Rəhimov hər 3 təqsirləndiriləni tanıdığını və Nuridənin sürücüsi kimi işlədiyini qeyd edib. O, işə Aynurun vasitəçiliyi ilə götürüldüyün deyib: "Əsas işim Nuridə xanımın uşağını dərslərə aparmaq olub. 700 manat əməkhaqqı alırdım".

Şahid deyib ki, ona verilən pulları çatdırıb, lakin valyuta dəyişməsi ilə məşğul olmayıb. Belə ki, o, Aysel Məmmədovaya zərərçəkmişlər Lamiyə tərəfindən verilən 7 500 və Kamil tərəfindən verilən 23 000 pulu Nuridə Seyidovaya çatdırıb.

Nuridə Seyidova pulu aldığını təsdiq edərək həmin vəsaiti növbədəki digər xəstələrin adından müxtəlif klinikalara köçürdüyünü deyib.

Daha sonra ifadə verən şahid Toğrul Kərimov deyib ki, onu işə Nuridə Seyidova dəvət edib. O, əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyini deyib.

Hakimin "Niyə müqaviləsiz işləməyə davam etmisən?" sualına T.Kərimov "Səhhətimdəki problemlərin həlli ilə bağlı söz vermişdilər, amma heç bir yardım olunmadı" cavabını verib.

Hakim Azad Məcidov şahidə "Pullar sənə verildikdə onları nə etmisən?" deyə sual verib.

T.Kərimov bildirib ki, o gələn pulları Nuridə Seyidovanın qarşısında sayaraq elə ona təhvil verib. Həmçinin T.Kərimov Nuridə Seyidovanın istəyi ilə ölkə xaricinə pul göndərdiyini deyib.

Məhkəmənin növbəti iclası 2 aprel tarixinə təyin edildi.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər