- 19:20
Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən "Global Force" şirkətinin direktoru Elşən Soltanov şirkət tərəfindən bağlanan və özünün imzaladığı müqavilələrin mövzusundan xəbərdar olmadığını bildirib. Eyni zamanda o şirkət daxilində bir çox məsələlərdən uzaq tutulduğunu da əlavə edib. Elşən Soltanovun sözlərinə görə, direktor vəzifəsinə onu Kuçer Konstantin təyin edib.
Kuçer Konstantinin vəkili məhkəməyə vəsatət verərək, zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən, 2025-ci ilin fevralın əhatə edən dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsini və onların neçə dəfə Bakıda olduğunun müəyyən edilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Oleq Krapivinin vəkili vəsatət verərək xahiş edib ki, müdafiə etdiyi şəxs ev dustaqlığına buraxılsın: “Nəzərə alın ki, Oleq Krapivin peşəkar idmançıdır və qapalı yerdə qalmaq onunn sağlamlığına ziyan vurur”.
Daha sonra şahid, Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin istintaqa verdiyi ifadəsi elan olunub.
O, ifadəsində bildirib ki, Sergey və Valeriyi ilə birlikdə “Babək Plaza”ya K.Konstantinlə görüşməyə gedib: "Mən ofisin çölündə dayanmışdım. Sergey və Valeriy ofisə daxil olduqdan sonra oradakıların rus dilində mübahisə etdiklərini eşitdim. Daha sonra hər ikisi bayıra çıxdı. Valeriynin başında qan izi var idi ".
Oleq Krapiv Valeriyin köynəkdə aşkar edilən qan ləkəsinə münasibət bildirərək, “Qan ləkəsi mənim köynəyimdə olsaydı, sizinlə bəlkə də razılaşardım”, - deyib.
Daha sonra məhkəmə Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərə baxmaq üçün müşavirəyə gedib.
Məhkəmə vəsatəti təmin etməyib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Humay Eminqızı