- 19:20
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyona yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı təzələnib.
Sonda zərərçəkənlərin dindirilməsi davam etdirilib.
Təqsirləndirilən Aysel Məmmədovanın qohumu Turan Verdiyeva məhkəmədə şahid qismində çıxış edib. Onun sözlərinə görə, tibb bacısıdır və Nuridə Seyidovanın direktoru olduğu şirkətdə 345 manat əmək haqqı müqabilində işləyib. O talassemiya xəstələrinin qeydiyyatını aparmaqla məşğul olub. T.Verdiyeva deyib ki, maaşının az olmasına səbəb tam iş günü işləməməsi olub. Amma əlavə xəstə gətirdiyi halda müəyyən qədər də əlavə ödəniş alırmış.
Sonra zərərçəkmiş Şövkət İsayeva çıxış edib. Deyib ki, övladı talassemiyadan əziyyət çəkir. Onun sözlərinə görə, əməliyyat üçün 30 min dollar verib. Qısa zaman ərzində üzərini tamamlayıb övladını Türkiyəyə əməliyyata göndərəcəkmişlər: “Həkim Türkiyədən Bakıya gələndə məsələ ilə bağlı onunla əlaqə saxladıq və belə bir müraciətin olmadığını öyrəndik. Nuridə Seyidova ilə danışdıqda onu həbsdən qurtarsaq, pulu qaytaracağını dedi”.
Şahid Şahsuvar Paşayev isə Aynur Bayramova ilə Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanış olduğunu bildirib: “Aynur Bayramova bizi Nuridə Seyidovanın yanına yönləndirdi. Onunla müqavilə bağladıq və 30 min dollor verdik. Xəstəyə heç bir müayinə, əməliyyat olunmadıqda pulu geri istədik. Nuridə Seyidova öncə pulu qaytaracağını desə də, buna əməl etmədi”.
Şahidin ifadəsinə münasibət bildirən Nuridə Seyidova pulu Aynur Bayramovaya verdiyini bildirib, lakin Aynur Bayramova onunla razılaşmayıb və pul verildikdə orada olmadığını qeyd edib.
Şahidin Gürcüstan vətəndaşı olan həyat yoldaşı bildirib ki, uşağı çox xəstədir və hazırda təcili pula ehtiyacı var. O eyni zamanda Nuridə Seyidovanın pulu geri qaytarmadığı halda Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.
Nuridə Seyidova isə pulu geri qaytarmağa cəhd edəcəyini bildirib.
Şahid Cahangir Xanmirzəyev atasının qaraciyər serrozundan əziyyət şəkdiyini bildirib: “Qaraciyər köçürülməsi ilə bağlı bizi təqsirləndirilən şəxslərə Gömrük Hospitalının həkimi Mircəlal Kazımi yönləndirib. Daha sonra onlara 25 min pul ödədik . Fevral ayında əməliyyatın olacağına bizi əmin etdilər”.
Şahid qismində çıxış edən digər şəxs qardaşı uşağının xəstəliyi ilə bağlı təqsirləndirilən şəxslərə müraciət etdiklərini bildirib. O, qardaşının 15 min dolları Nuridə Seyidovaya verdiyini deyib: “Əməliyyatla bağlı 3 ay möhlət verilsə də, nə əməliyyat oldu, nə də pullar geri qaytarıldı”.
Məhkəmənin növbəti iclası martın 19-a təyin olunub.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı