Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər – MÜSAHİBƏ


  • 7 Mart 14:29

Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlının e-huquq.az-a müsahibəsini təqdim edirik....

- Mülki hüquq pozuntusu dedikdə qanunvericilikdə nə başa düşülür?

- Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yəni əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.

Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin.

- Yetkinlik yaşına çatmayanların mülki hüquq məsuliyyəti hansı qaydada həll edilir?

- Mülki qanunvericilik yetkinlik yaşına çatmayan şəxslərin başqa şəxslərə qarşı ziyan vurulmasını yaşından asılı olaraq iki hissəyə bölmüşdür. Yəni 14 yaşına çatmayan şəxslər və 14 yaşından 18 yaşına çatmayan şəxslərin başqasına ziyan vurulmasının nətəcələrinin. Başqa sözlə desək, 14 yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. Valideynlərin (övladlığa götürənlərin), qəyyumların, sosial xidmət müəssisələri və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Əgər valideynlər (övladlığa götürənlər), qəyyumlar ölmüşlərsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirlərsə, tam fəaliyyət qabiliyyətli olmuş zərərvuranın isə bu cür vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzinin tamamilə və ya qismən zərərvuranın özünün hesabına ödənilməsi barədə qərar qəbul edə bilər.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Əgər 14 yaşından 18 yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir.

Həmçinin qeyd etmək lazımdır ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər. Əgər qəyyum ölmüşdürsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirsə, zərərvuranın isə belə vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin hamısının və ya bir hissəsinin zərərvuranın özünün hesabına ödənilməsi barədə qərar qəbul edə bilər.

- Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət nədir?

Bu sualla bağlı qeyd etmək istəyirdim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyət deyəndə, yəni nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi başa düşülür. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Qeyd etdiyim kimi, buraya həm nəqliyyat vasitəsini idarə edərkən, həm heyvanın vuruğu zərərin əvəzi, binanın uçması nəticəsidə dəyən zərərin əvəzin ödənilməsi, tibb müəssisəsinin vurduğu zərərin əvəzi və sair daxildir.

- Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi, həmçinin Ailə başçısının ölümü nəticəsində zərərin əvəzinin ödənilməsi qanunvericiliklə necə tənzimlənir?

Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur.

Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

2. şəxsin ölümündən sonra doğulmuş uşağı;

3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq;

4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

5. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlәrdәn biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.

Zərərin əvəzi aşağıdakılara ödənilir:

1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək;

2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;

3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük;

4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün

5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.

- Məhkəmələrdə mülki hüquq pozuntusu ilə bağlı ən çox hansı işlər baxılır?

- Qeyd etmək istəyərdim ki, ümumiyyətlə bütün kateqoriya işlərə baxılır, lakin inzibati ərazi bölgəsindən asılı olaraq şəhərdə və şəhər ətrafı ərazilərdə, həmçinin rayon ərazisində baxılan delikt növləri bir qədər fərqlənir. Məsələn şəhərdə mülki hüquq pozuntusu çoxmərtəbəli binalarda susızma və ya yol nəqliyyat hadisələri ilə bağlıdırsa, rayon ərazilərində kənd təsərrüfatı texnikasının istifadəsindən yaranan, o cümlədən heyvandarlıq təsərrüfatının saxlanması ilə əlaqədar baş vermiş deliktlərə daha çox rast gəlinir.

Oxşar xəbərlər