Hakimlərin ömürlük təyinatı məhkəmə sisteminə necə təsir edəcək? - ŞƏRH


  • 13:45

Azərbaycanda hakimlərin ömürlük təyin olunması təklif edilir. Belə bir təkliflə Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. Onun fikrincə, yaş həddinin ləğvi hakimlərin müstəqilliyinə töhfə verə bilər. Deputat hesab edir ki, əgər hakimlər ömürlük təyin edilmirsə, onda bütün hakimlər üçün eyni yaş, məsələn, 75 yaş təklif edilməlidir.

E-huquq.az vəkillərin bu təklifə münasibətini öyrənib. Maraqlıdır, onlar necə düşünür, hakimlərin ömürlük təyin olunmasının hansı müsbət və mənfi nəticələri ola bilər?

Vəkil Nərmin Əliyeva bu təklifi müsbət qarşılayıb. Deyib ki, belə bir dəyişiklik məhkəmə-hüquq sistemi üçün səmərəli ola bilər.

"Hesab edirən ki, qanunvericiliyə dəyişiklik edildiyi halda onun icra mexanizmi konkretləşsə, faydalı, səmərəli bir dəyişiklik ola bilər. Ən azı hakimlərin müstəqilliyinə töfhə verə biləcəyi ilə razıyam. Hər məhkəmədə bir neçə təcrübəli hakimin olması həmin məhkəmədəki digər hakimlərin fəaliyyəti üçün də uğurlulur. Çünki gənc hakimlər təcrübəsizliklərinə görə bəzən müəyyən səhvlərə yol verə bilir. Belə olan halda onların təcrübəli hakimlərlə məsləhətləşməsi, iş perspektivini müzakirə etməsi, fikrimcə, daha faydalı olar. Bu baxımdan həmin təklifə münasibətim müsbətdir. Sadəcə burada bəzi amilləri nəzərə almaq lazımdır ki, onlardan biri də müəyyən yaş həddinə çatmış hakimin əmək qabiliyyətinin nə dərəcədə olub-olmamasıdır. Məlum məsələdir ki, 60-70 yaşlı hakim 40-45 yaşlı hakim qədər iş görə bilməz. Buna həm onun sağlamlığı, həm də əmək qabiliyyəti imkan vermir. Ona görə də hesab edirəm ki, belə bir qanun qəbul edilmədən öncə onun icra mexanizmi müəyyənləşdirilməlidir. Məsələn, müəyyən yaşa çatmış hakimlərin iş yükü daha az olmalıdır. İş yükünün onların sağlamlığına təsiri nəzərə alaraq həmin hakimlər üçün xüsusi iş qrafiki müəyyən edilməlidir", - deyə o bildirib.

Vəkil Emin Kiçikbəyov da hakimlərin ömürlük təyin edilməsi barədə təklifi dəstəkləyib: "Bir çox hakimlərin səhhəti onların daimi işləmələrinə imkan verir. Ona görə də bəziləri yaş həddi ilə əlaqədar təqaüdə çıxdıqdan sonra hüququn başqa sahələrinə yönəlirlər. Düşünürəm ki, onların səhhəti işləməyə əl verirsə, elə hakim kimi işləmələri yaxşı olar. Hakimin təcrübəsi çox vacibdir. Təcrübə işlərin mahiyyətində vacibdir. Bəzi hallarda təcrübəsizlikdən hakimlər müəyyən səhvlərə yol verə bilir. Bu baxımdan mən də razıyam ki, səhhəti imkan verdiyi yaşa qədər hakimlər ömürlük işləməlidir və yaxud hakimlər üçün vəzifədə olmanın yaş həddi artırılmalıdır. Məsələn, 75 yaş normaldır. Amma ömürlük təyin edilmələri daha ağlabatandır".

Vəkil Şulan Nağıyev isə hakimlərin ömürlük təyinatının müsbət nəticələrlə yanaşı, mənfi nəticələr də doğura biləcəyini deyib: "Təcrübəli hakimlərin ömür boyu fəaliyyət göstərməsi, hüquq sisteminə dərin təcrübə və yüksək peşəkarlıq gətirə bilər, ancaq cəmiyyətin inkişafı ilə uyğunlaşmaq və yeni çağırışlara cavab vermək üçün gənc və dinamik hakimlərin də sistemə daxil olması vacibdir. Məhkəmələrdə nəsil dəyişikliyinin və yeni düşüncə tərzlərinin olması, hüquq sisteminin daha çevik və müasir problemləri həll edə bilən bir qurum kimi fəaliyyət göstərməsini təmin edər. Bu balansı qorumaq, həm təcrübənin, həm də yenilikçi yanaşmaların bir arada mövcud olması, hüquq sisteminin daha effektiv, ədalətli və cəmiyyətin ehtiyaclarına uyğun fəaliyyət göstərməsini təmin edə bilər. Hesab edirəm ki, hakimlərin ömürlük təyin olunması yerinə, onların dərin təcrübəsindən və biliyindən istifadə edilməsi üçün yeni mexanizmlər yaradılmalıdır".

Humay Eminqızı

Oxşar xəbərlər