Faiq Qəniyev: "Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi diqqət mərkəzindədir" - VİDEO


  • 28 Fevral 17:13

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il Sərəncamı ilə bu sahədə kəskin dönüş yaranıb".

E-huquq.az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.

Hakim cəza siyasətinin humanistləşdirilməsi baxımından cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqindən danışıb.

"Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etməylə bağlı olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi nəzərdə tutulurdu. Bu Sərəncamdan sonra qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsinə dair verilmiş tapşırığa əsasən 2017-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinə yeni dəyişikliklərlə bağlı qanun qəbul edildi. Bu dəyişikliklərdən sonra 11-ci fəsildəki cinayət məsuliyyətindən azad etmənin tətbiqi ilə bağlı hissə xeyli genişləndirilmiş oldu", - deyə o bildirib.

F.Qəniyev deyib ki, bu istiqamətdə atılan növbəti mühüm addım "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il Fərmanı olub: "Bu fərmandan sonra 2020-ci il 1 may tarixli Qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilib. Dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılıb. Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilmədən məqsədə nail olmaq istiqamətində tədqiqatlar davam etdirilir. Əsas qəbul edilən və nəzərə alınmalı olan prinsip cinayət məsuliyyətindən azad etmə zamanı məsuliyyətin differensasiyası və humanizm prinsiplərindn çıxış etməklə şəxsin islah edilməsinə nail olmaqdır. Bir şərtlə ki, cəzasızlıq mühitinin yaranmasına imkan verilməsin".

Daha ətraflı aşağıdakı videoda izləyə bilərsiniz:

Oxşar xəbərlər