- 20:21
"Müasir dövrün qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsinin təməl prinsiplərinin qorunması ilə yanaşı, daim yenilənən yanaşmaların tətbiqini zəruri edir. Bu isə öz növbəsində qanunun aliliyini təmin edəcək mexanizmlərin işlək və səmərəli olmasını, məhkəmələrə etimadın möhkəmləndirilməsini, ədalət mühakiməsinə əlçatanlığın, şəffaflığın, habelə hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsini şərtləndirir".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.
Onun sözlərinə görə, insan hüquqlarının müdafiəsini təmin edən ən qabaqcıl standartların milli sistemlərə gətirilməsi və ortaya çıxan yeni çağırışlara uyğun çevik məhkəmə siyasətinin formalaşdırmasını tələb edir.
"Məhz sadalanan bu mühüm prinsiplər ötən dövr ərzində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsasını təşkil edib. Belə ki, məhkəmə müstəqilliyinin təmin olunması məqsədilə Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq standartların tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib. Eyni zamanda məhkəmələrdə icra və əmək intizamının yoxlanılması, habelə bir sıra digər mühüm səlahiyyətlər məhkəmə hakimiyyətinin özünü idarəetmə orqanı olan Şuraya həvalə edilib", - deyə sədr bildirib.
Şəbnəm Mehdizadə