- 26 Fevral 16:42
Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin Ali Məhkəmənin Bülletenində dərc olunmuş "Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti və icraatın xüsusiyyətləri" adlı məqaləsini təqdim edirik:
1954-cü ildə BMT-nin Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən 20 noyabr tarixini bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989- cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Buna görə də hər ilin 20 noyabr tarixi bütün dünyada ümumdünya uşaq hüquqları günü kimi qeyd edilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Bu cür tənzimləmə həmçinin Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının 1989-cu il 20 noyabr tarixli Uşaq hüquqları haqqında Konvensiyasının 1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.
Bu araşdırmada yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti və icraatın xüsusiyyətləri milli qanunvericilik və beynəlxalq hüquq normaları, eləcə də xarici ölkələrin təcrübələri əsasında təhlil ediləcəkdir.
I. MİLLİ QANUNVERİCİLİK
Cinayət qanunvericiliyində uşaq anlayışından istifadə edilsə də kimlərin uşaq olduğu vurğulanmamışdır. Bu səbəbdən də kimlərin uşaq olduğunu aydınlaşdırmaq üçün ailə qanunvericiliyinə, eləcə də Uşaq hüquqları haqqında Konvensiyaya istinad edilməlidir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsi də bu cür halları tənzimləyərək qeyd edir ki, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. “Uşaq” anlayışına gəldikdə isə bu termin milli qanunvericilikdə tətbiq olunan “yetkinlik yaşına çatmayanlar” termini ilə eyniyyət təşkil edir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar olaraq müəyyən etmişdir.
Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə isə cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslərin başa düşüldüyü vurğulamışdır. Həmçinin “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan on səkkiz yaşınadək olan şəxslərdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 429-cu maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxsin yaşının dəqiq müəyyən olunması onun barəsindəki işlər üzrə icraat zamanı müəyyən edilməli məcburi hallardan biri hesab edilir. Şəxsin on səkkiz yaşa çatması onun doğulduğu gündən deyil, həmin günün qurtardığı vaxtdan, yəni sonrakı günün başlandığı andan götürülür.
Yetkinlik yaşına çatmayanın yaşı müvafiq sənədlərə (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasən müəyyən olunur. Belə sənəd olmadıqda şəxsin yaşını təyin etmək üçün məhkəmə tibbi ekspertizası təyin edilir. Məhkəmə-tibb ekspertizasının rəyi ilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin yaşı müəyyən olunarkən onun doğum günü ekspertiza rəyində göstərilən ilin son günü hesab olunur. Belə şəxsin yaşı minimum və maksimum illər üzrə müəyyən edildikdə isə ekspertlərin təklif etdikləri minimum yaş əsas götürülür. Şəxsin yetkinlik yaşına çatıb-çatmaması barədə işdə ziddiyyətli məlumatların olması cinayət işinə baxılmasında çətinlik yaradır. Bu halda ziddiyyətləri məhkəmə hazırlıq iclasında aradan qaldırmaq mümkün olmazsa, məhkəmə ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verib onu ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarması barədə qərar qəbul etməlidir.
Yetkinlik yaşına çatmayanların işlərinə məhkəmələrdə baxılması ilə əlaqədar işlərin təhlili nəticəsində müəyyən edilir ki, işə baxılarkən tərəflərdən heç biri milli və beynəlxalq uşaq hüquqları haqqında sənədlərə, konvensiyalara və ya qaydalara, yaxud standartlara istinad etmir, məhkəmə aktlarında onlardan demək olar ki, istifadə edilmir.
Bəs milli qanunvericilik yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı hansı məsələləri və necə tənzimləyir?
Qeyd edilən suala cavab vermək üçün ilk öncə qüvvədə olan Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllərində yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı nəzərdə tutulmuş halları nəzərdən keçirmək tələb edilir.
Hazırda qüvvədə olan qanunvericilik yetkinlik yaşına çatmayanların yaş və psixoloji xüsusiyyətlərini nəzərə alaraq, onların barələrində cinayət məsuliyyəti və cəza məsələlərini həll edərkən Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipini rəhbər tutaraq bir sıra güzəştli hallar müəyyən edir. Belə ki:
1. Cinayət törədərkən yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə onların barələrində ya cəza, ya da tərbiyəvi xarakterli məcburi tədbirlər (xəbərdarlıq; valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək; vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək) tətbiq edilə bilər;
2. Cinayət qanunvericiliyində 12 cəza növü nəzərdə tutulduğu halda yetkinlik yaşına çatmayanlara bu cəzalardan yalnız beşi – cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan cəzaların sayı (5 cəza növü) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 88-ci maddəsində yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş cəzaların sayından (6 cəza növü) da azdır);
3. Yetkinlik yaşına çatmayanlara tətbiq edilməsi nəzərdə tutulan cəzalar yetkinlik yaşına çatmış şəxslər tərəfindən törədilmiş cinayətlərə görə onlara tətbiq edilən cəzalara münasibətdə azaldılmış miqdarda və ya qısaldılmış müddətlərdə tətbiq edilir. Məsələn, yetkinlik yaşına çatmayanlara tətbiq edilən cərimə cəzasının məbləği 600 manatla, müəyyən müddətə azadlıqdan məhrum etmənin müddəti isə ən çoxu 10 il ilə (hətta cinayətlərin və hökmlərin məcmusu zamanı da təyin ediləcək cəzanın müddəti 10 illik həddi aşmamalıdır) məhdudlaşdırılmışdır;
4. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını cəzaçəkmə müəssisəsində deyil, tərbiyə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrinə yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. On səkkiz yaşına çatan və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 128.1-ci maddəsinə əsasən tərbiyə müəssisələrində saxlanılan məhkum cəzanın icrası qaydalarını pozduqda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 129-cu maddəsinə müvafiq olaraq tərbiyə müəssisəsi müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilə bilər. On səkkiz yaşına çatmış və cəzanın icrası qaydalarını pozan məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məqsədəuyğunluğu məsələsi həll edilərkən məhkəmələr tərbiyə müəssisəsində cəza çəkilən müddətdə məhkumun davranışı və şəxsiyyətini xarakterizə edən halları, o cümlədən tərbiyə müəssisəsində saxlanılan digər yetkinlik yaşına çatmayan məhkumlara təsirini nəzərə almalıdırlar. Məhkumun tərbiyə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 514 və 520-ci maddələrində nəzərdə tutulmuş qaydada cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir;
5. Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır;
6. Qanunvericilik yetkinlik yaşına çatmayanlar üçün, eləcə də məhkumluğun ödənilməsi müddətləri, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növünün əvəz edilməsi ilə bağlı da güzəştli şərtlərin tətbiqini nəzərdə tutur.
Yetkinlik yaşına çatmayanlara tətbiq edilən cəza növləri və tərbiyəvi xarakterli məcburi tədbirlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a tamamilə uyğundur. Bu akta görə, əgər yetkinlik yaşına çatmayanın əməli başqası üzərində zor tətbiq etməklə bağlı deyilsə, habelə yetkinlik yaşına çatmayan dəfələrlə hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməməlidir.
Onu da qeyd etmək lazımdır ki, cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanlara əlavə cəzanın təyin edilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Lakin qanunvericilikdə bunu qadağan edən hər hansı norma da öz əksini tapmamışdır. Bu məsələ ilə bağlı “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 6 nömrəli Qərarının 16-cı bəndində qeyd edilmişdir ki, qanunvericilikdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsi) yetkinlik yaşına çatmayanlara əlavə cəza təyin olunmasını qadağan edən norma olmadığına görə, nəzərə almaq lazımdır ki, yetkinlik yaşına çatmayan hər hansı fəaliyyətlə məşğul olması ilə bağlı cinayət törətdikdə o, müəyyən müddətə həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə bilər. Bu zaman təyin olunan əlavə cəzanın müddəti də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsi ilə müəyyən edilən prinsiplərə uyğun olaraq mümkün qədər qısa olmalıdır.
Yetkinlik yaşına çatmayanların işləri üzrə cinayət təqibinin həyata keçirilməsi zamanı cinayət prosessual qanunvericiliyində də bır sıra pozitiv göstərişlər öz əksini tapmışdır. Belə ki:
1. Yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılmalıdır;
2. Yetkinlik yaşına çatmayan şəxsin barəsində iş üzrə onun müdafiəçisinin iştirakı məcburidir. Yetkinlik yaşına çatmayanların cinayət işlərinə baxılarkən nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.4.2-ci maddəsinə əsasən bu növ işlər üzrə müdafiəçinin iştirakı şəxsin ilk dəfə dindirildiyi, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarının, tutma haqqında protokolunun və ya həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın elan edildiyi andan, işə məhkəmədə baxılarkən isə təqsirləndirilən şəxsin artıq yetkinlik yaşına çatmasından asılı olmayaraq məcburidir. Bu qayda şəxsin bir cinayəti 18 yaşına çatana qədər, digər cinayəti isə 18 yaşına çatdıqdan sonra törətməsi hallarına da aiddir. Yetkinlik yaşına çatmayanların məhkəmədə müdafiəçi ilə mütləq təmin edilməsi dedikdə, həmin şəxsin məhkəmə baxışının bütün mərhələlərində (birinci instansiya məhkəməsinin hazırlıq iclası və məhkəmə baxışı, apellyasiya instansiyası məhkəməsinin ilkin baxışı və məhkəmə iclası, kassasiya instansiyası məhkəməsinin iclası) müdafiəçi ilə təmin edilməsini ehtiva edir. Qanunun həmin tələbinin pozulması kobud qanun pozuntusu hesab edilir və məhkəmənin hazırlıq iclasının qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına səbəb olur. Birinci instansiya məhkəməsi tərəfindən yetkinlik yaşına çatmayanların işləri üzrə müdafiəçinin iştirakının məcburiliyi barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmün ləğv edilməsi, apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi, cinayət işinin birinci instansiya məhkəməsində yenidən baxılmasından ötrü qaytarılması üçün əsasdır;
3. Yetkinlik yaşına çatmayan şəxsin barəsində ibtidai istintaq imkan daxilində müvafiq ibtidai istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərlə müvafiq iş təcrübəsinə malik olan şəxslər tərəfindən aparılmalıdır;
4. Yetkinlik yaşına çatmayan şəxsin barəsində cinayət işi üzrə icraat hər hansı bir gecikdirməyə yol verilmədən aparılmalıdır;
5. Yetkinlik yaşına çatmayan şəxsin barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə hər bir halda yetkinlik yaşına çatmayan şəxsin və ya onun valideynlərinin (digər qanuni nümayəndələrinin) razılığı ilə yol verilir;
6. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarmasını elan edərkən və ona cinayət işinin materiallarını təqdim edərkən müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz mülahizələrinə görə yetkinlik yaşına çatmayan şəxsə mənfi təsir göstərə biləcək cinayət işinin materiallarının yetkinlik yaşına çatmayan şəxsə təqdim edilməməsi barədə əsaslandırılmış qərar çıxarmaq hüququna malikdirlər. Belə halda göstərilən materiallarla məcburi qaydada yetkinlik yaşına çatmayan şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi tanış edilməlidir;
7. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə yalnız ona ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox törədilməsinə istinad edildikdə yol verilir. Yetkinlik yaşına çatmayanlar haqqında həbs qətimkan tədbiri seçilməsinə dair ibtidai araşdırma orqanının təqdimatlarına baxılarkən məhkəmələr hər bir halda həbs qətimkan tədbiri seçilməsinin zəruriliyi, şəxs haqqında daha yüngül qətimkan tədbiri seçilməsinin mümkünsüzlüyü barədə təqdimatda gətirilən dəlilləri ətraflı yoxlamalıdırlar. Həm də həmin şəxslər haqqında bu növ qətimkan tədbiri mümkün qədər qısa müddət üçün tətbiq olunmalıdır;
8. Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar;
9. Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlər barədə cinayət işlərinə daha təcrübəli hakimlər tərəfindən baxılmalıdır. İki və daha çox hakim olan birinci instansiya məhkəmələrində bu kateqoriyadan olan işlərə, bir qayda olaraq, məhkəmə sədrləri tərəfindən baxılması tövsiyə edilir.
II. BEYNƏLXALQ HÜQUQ NORMALARI
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayanların işləri üzrə cinayət təqibinin həyata keçirilməsi zamanı nəzərdə tutulmuş hallar 1998-ci il 19 may tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun “Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri” adlanan 42-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünya birliyinin tam hüquqlu üzvü kimi BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, o cümlədən həmin təşkilatlar tərəfindən qəbul olunmuş müxtəlif deklarasiyalara qoşulmuş, konvensiyaların iştirakçısı olmuşdur. Belə konvensiyalardan biri də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasıdır.
Azərbaycan Respublikası 1992-ci ildə bu qabaqcıl sənədə qeyd-şərtsiz qoşulmuşdur və həmin sənədin müddəaları Azərbaycan dövləti üçün məcburi hüquqi xarakterə malikdir. Sözügedən sənədə əsasən Azərbaycan Respublikasından tələb olunur ki, onun milli qanunvericilik rejiminin qeyd olunan sənəddə təsbit olunmuş hüquq və vəzifələrə uyğun olmasını və ədliyyəyə ədalətli, səmərəli və çevik çıxışa təminat verən düzgün və səmərəli qanunvericilik və inzibati prosedurların qəbul olunması, habelə digər müvafiq tədbirlərin görülməsini təmin etsin.
Cinayət və inzibati hüquq sahəsi üzrə uşaqların hüquqları əsasən BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasında öz əksini tapmışdır. Həmin Konvensiyanın 37 və 40- cı maddələri xüsusi olaraq cinayət prosesinə şübhəli şəxs, təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid qismində cəlb edilmiş yetkinlik yaşına çatmayanların təmin edilməli olduqları və üzv dövlətlərin üzərinə öhdəlik kimi qoyulmuş ən əsas hüquq və prinsipləri müəyyən edir. Konvensiyanın 39-cu maddəsi əlavə olaraq hər hansı formada təhqirə, etinasızlığa, istismara və zorakılığa məruz qalan uşaqlara yardım edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir.
Konvensiyanın 37-ci maddəsinin (b) bəndində nəzərdə tutulmuşdur ki, “Uşağın həbsə alınması, tutulması və ya həbs cəzası çəkməsi qanuna uyğun olaraq həyata keçirilir. Göstərilən hallar son tədbir kimi mümkün olan qədər daha qısa müddətdə və qaydada həyata keçirilir”. Bundan başqa, artıq qeyd etdiyimiz kimi, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə verdiyi tövsiyələrdə də “tutulmanın, həbsə alınmanın və həbs cəzası çəkmənin ənson tədbir kimi istifadə olunması prinsipinin təmini məqsədi ilə bunlara, yəni şəxsin azadlığının məhdudlaşdırılması və ya azadlıqdan məhrum edilməsi kimi məcburiyyət tədbirlərinə alternativlər tətbiq etməklə nail olmaq” məsləhət görülmüşdür. Uşaq hüquqları haqqında Konvensiyanın “Yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri hüquq pozuntuları barədə ədalət mühakiməsinin icrası” adlı 40-cı maddəsində deyilir: iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, bu qanunvericiliyin pozulmasında təqsirləndirilən və ya müqəssir sayılan hər bir yetkinlik yaşına çatmayanın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar onda ləyaqət və mənlik hisslərinin inkişafına kömək edir, onda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörməti möhkəmləndirir və bu zaman yetkinlik yaşına çatmayanın yaşı və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rolunu yerinə yetirməsinə kömək göstərilməsi arzusu nəzərə alınır. İştirakçı dövlətlər bu məqsədlə və beynəlxalq sənədlərin müvafiq qaydalarını nəzərə alaraq təmin edirlər ki;
a) cinayət qanunvericiliyi pozulduğu zaman milli və beynəlxalq qaydada qadağan olunmayan hərəkətlərə və fəaliyyətsizliyə görə heç bir yetkinlik yaşına çatmayan cinayət qanunvericiliyini pozmuş hesab edilməsin, onun pozulmasında təqsirləqdirilməsin və müqəssir bilinməsin;
b) cinayət qanunvericiliyini pozmuş hesab edilən və ya onu pozmaqda təqsirləndirilən hər bir yetkinlik yaşına çatmayan ən azı aşağıdakı təminatlara malik olsun:
1. təqsirsizlik prezumpsiyası;
2. ona qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zəruri hallarda isə onun valideynləri və qanuni nümayəndələri vasitəsilə məlumat verilməsi və hüquqi, eləcə də digər yardım göstərilməsi;
3. qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə məsələyə ədalətlə baxılarkən səlahiyyətli orqan, yaxud məhkəmə orqanı yetkinlik yaşına çatmayanın yaşı və ya onun valideynlərinin vəziyyəti nəzərə alınaraq, həmin məsələ barədə təxirə salınmadan qərar çıxarsınlar, əgər bu, onun maraqlarına zidd deyilsə;
4. şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməkdən azad olmaq, ittiham şahidlərinin verdiyi ifadələrin ya müstəqil surətdə, ya da digər şəxslərin köməyi ilə öyrənilməsi və müdafiə şahidlərinin bərabər hüquqla iştirakının və onların ifadələrlə tanış olmasının təmin edilməsi;
5. əgər lazım olarsa, yuxarı orqan, yaxud məhkəmə orqanı tərəfindən işə təkrar baxılması;
6. əgər ehtiyacı varsa, tərcüməçinin pulsuz köməyi;
7. məsələyə baxılmasının bütün mərhələlərində yetkinlik yaşına çatmayanın şəxsi həyatına hörmət edilməsi.
Uşaq hüquqları haqqında Konvensiya tələb edir ki, cinayət törətməkdə ittiham olunan uşaq “ağlabatan” müddət ərzində məhkəmə qarşısına çıxarılmalı və hər hansı gecikmələrə yol verilməməlidir. Müxtəlif beynəlxalq sənədlər demək olar ki, cüzi fərqlərlə eyni terminlərdən istifadə edir, lakin mahiyyət ondan ibarətdir ki, gecikmələrin baş verməsinə yol verilməməlidir. Baxmayaraq ki, məhkəməyəqədərki tutulmanın yalnız son tədbir kimi və “ən qısa müvafiq müddətə” tətbiq edilməsi nəzərdə tutulsa da, “ən qısa müddət” dedikdə hansı müddətin nəzərdə tutulduğu haqqında heç bir müəyyənləşdirici anlayış mövcud deyil. Yalnız Uşaq Hüquqları Komitəsinin 10 nömrəli Ümumi Şərhində tövsiyə olunmuşdur ki, uşağa ittiham elan olunmasından əvvəl, uşağın barəsində ibtidai istintaq davam etdiyi dövrdə tutulma (həbsdə saxlanılma) 30 gündən artıq olmamalıdır.
Yuxarıda göstərilən konvensiyanın müddəalarını nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsinin aşağıdakı qaydalarını müəyyən etmişdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə: 86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Bu Məcəllənin 58- ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
III. XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİ
Qeyd edilənlər kontekstində hesab edirik ki, xarici ölkələrin cinayət hüququ sahəsində yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və bununla bağlı icraatın necə tənzimləndiyini də nəzərdən keçirmək maraqlı olardı.
Belə ki, Almaniya Federativ Respublikasında uşaq və gənclərin cinayət məsuliyyəti xüsusi qaydalar və qanunvericilik bazaları ilə müəyyən edilir. Cinayət məsuliyyəti cinayət hüququnda şəxsin hansı yaşda cinayət əməllərinə görə məsuliyyətə cəlb oluna biləcəyini müəyyən edən əsas anlayışdır. Almaniyada yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti Cinayət Məcəlləsi (Strafgesetzbuch-StGB) və Yuvenal Ədliyyə Qanunu (Jugendgerichtsgesetz-JGG) ilə tənzimlənir. İstinad edilən qanunlarda cinayət məsuliyyətinin yaş hədləri, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərə görə cinayət təqibinin xüsusi prosedurları və cinayət törətmiş gənclərlə bağlı nəzərə alınmalı olan konkret pedaqoji və hüquqi tədbirlər göstərilir.
Almaniya Cinayət Məcəlləsinin 19-cu maddəsinə əsasən, 14 yaşına çatmamış uşaqlar fəaliyyət qabiliyyətsizdirlər və cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. 14-17 yaşlararası gənclər cinayət məsuliyyətinə cəlb olunurlar, lakin yetkinlik yaşına çatmayanlara dair cinayət qanunvericiliyinə tabedirlər ki, bu da ilk növbədə cəzadan daha çox tərbiyəvi tədbirləri nəzərdə tutur. 18-20 yaşlararası yeniyetmələr üçün fərdi inkişafdan və yetkinlikdən asılı olaraq yetkinlik yaşına çatmayanların cinayət qanunu tətbiq oluna bilər. Həmin Məcəllənin 10- cu maddəsində isə qeyd edilir ki, bu Məcəllə yalnız Yuvenal Ədliyyə Qanununda başqa hal nəzərdə tutulmayıbsa, gənclər və yeniyetmələr tərəfindən törədilən əməllərə şamil edilir.
Almaniyada yetkinlik yaşına çatmayanların cinayət prosesində iştirakları onların maarifləndirməsinə və ictimai fəal vətəndaş olmalarına zəmin yaratmaq məqsədi daşıyır. Buna görə də yetkinlik yaşına çatmışların cinayət prosesində iştirakları bir çox cəhətdən fərqlənir. Yetkinlik yaşına çatmamışların cinayət prosesində iştiraklarının mərkəzi elementləri bunlardır:
• Tərbiyə tədbirləri: Cəza əvəzinə ilk növbədə tərbiyəvi tədbirlərdən istifadə edilir. Buraya təlimatlar, tələblər, təhsil yardımı və gənclərin yaşayış qrupunda və ya evində yerləşmə daxildir.
• Yetkinlik yaşına çatmayanların həbsi: Yetkinlik yaşına çatmayanların həbsi bir həftədən dörd həftəyə qədər qısamüddətli həbs cəzası (həbs) ilə verilə bilən azadlıqdan məhrumetmədir. Bu, yetkinlik yaşına çatmayanları uzun müddətə sosial mühitindən qoparmadan davranışlarının ciddiliyini göstərməyə xidmət edir. • Yetkinlik yaşına çatmayanların cəzası: Daha ağır cinayətlərə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər. İcra yetkinlik yaşına çatmayan cinayətkarların ehtiyaclarına uyğunlaşdırılmış xüsusi yetkinlik yaşına çatmayanlar üçün saxlama mərkəzlərində həyata keçirilir.
• Diversiya: Diversiya prinsipi yetkinlik yaşına çatmayanların cinayəti etiraf etdiyi və dəymiş ziyanın ödənilməsi və ya davranışının dəyişdirilməsi üçün tədbirlərdə iştirak etməyə hazır olduğunu göstərdiyi halda, rəsmi məhkəmə prosesindən imtina etməyə imkan verir. Almaniya Yuvenal Ədliyyə Qanunu uşaqların və gənclərin xüsusi ehtiyaclarını ödəmək üçün xüsusi prosessual qaydalar nəzərdə tutur. Bunlara daxildir:
• Yetkinlik yaşına çatmayanların işləri üzrə ixtisaslaşmış hakimlər və prokurorlar: Yetkinlik yaşına çatmayanlara dair cinayət işlərinə gənc cinayətkarlarla münasibətdə xüsusi bilik və təcrübəyə malik olan yetkinlik yaşına çatmayanların işləri üzrə ixtisaslaşmış hakimlər və yetkinlik yaşına çatmayanların işləri üzrə prokurorlar baxır.
• Prosessual dəstək: Yetkinlik yaşına çatmayanların cinayət prosesində yetkinlik yaşına çatmayanlar üçün məhkəmə yardımı xidməti çağırıla bilər, bu xidmət gəncin şəxsiyyətini və sosial mühitini araşdırır və müvafiq maarifləndirmə tədbirləri üçün məhkəməyə tövsiyələr verir.
• Qeyri-ictimai dinləmə: Yetkinlik yaşına çatmayanların iştirak etdikləri cinayət işləri gənc yaşda olan təqsirləndirilən şəxslərin məxfiliyini və müdafiəsini təmin etmək üçün açıq deyil. Yalnız onların yaxın qohumlarının və cinayət prosesində iştirak edənlərin iştirakına icazə verilir.
• Damğalanmanın qarşısının alınması: Yetkinlik yaşına çatmayanlara dair cinayət qanununun müddəaları onların damğalanmasının qarşısını almaq məqsədi daşıyır. Bunun təmin olunması üçün qanunvericilkdə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin iştirak etdikləri cinayət işinin materialları müəyyən qısaldılmış müddətdən sonra məhv olunmasını nəzərdə tutmuşdur.
Hüquqi tədbirlərdən əlavə, yetkinlik yaşınaçatmayan şəxslər tərəfindən törədilən və ya törədilə biləcək cinayət əməlləri ilə mübarizədə profilaktik tədbirlər mərkəzi rol oynayır. Profilaktik tədbirlər cinayətkar davranışın qarşısını almaq və sosial inteqrasiyanı təşviq etmək məqsədi daşıyır. Almaniyada tətbiq edilən əhəmiyyətli profilaktik tədbirlər aşağıdakılardır:
• Məktəb və məktəbdənkənar təhsil: Təhsil imkanları və məktəbdənkənar fəaliyyətlər gənclərə perspektivlər təklif etmək və onları cinayətkar davranışlardan çəkindirmək məqsədi daşıyır.
• Ailəyə dəstək: Məsləhət mərkəzləri, təhsil məsləhətləri və sosial xidmətlər vasitəsilə ailələrə dəstək problemli inkişafı erkən mərhələdə müəyyən etməyə və qarşısını almağa kömək edə bilər.
• Sosial layihələr: Sosial bacarıqları və cəmiyyətə inteqrasiyanı təşviq etmək məqsədi daşıyan layihə və proqramlar profilaktik işin vacib komponentləridir.
• Təhsil və maarifləndirmə: Maarifləndirmə kampaniyaları və maarifləndirmə tədbirləri cinayətin nəticələri haqqında məlumatlılığı artırmaq, başqalarına hörmət və tolerantlıq mədəniyyətini təşviq etmək məqsədi daşıyır.
Uşaqların və gənclərin cinayət məsuliyyəti və gənc cinayətkarlarla iş hüquqi məsuliyyət, maarifləndirici tədbirlər və profilaktik yanaşmalar arasında balans tələb edən mürəkkəb məsələlərdir. Almaniyada yetkinlik yaşına çatmayanların cinayət hüququ gənclərin xüsusi ehtiyaclarına cavab verən və eyni zamanda cəmiyyətdə təhlükəsizlik və asayişi təmin edən çərçivə təklif edir. Bu baxımdan ixtisaslaşdırılmış prosedurlar və müxtəlif tədbirlər gənc cinayətkarlara müsbət inkişaf və cəmiyyətə reinteqrasiya şansının verilməsini təmin etmək məqsədi daşıyır.
2004-cü il 26 sentyabr tarixli 5237 nömrəli Türk Cəza Qanununun (Türk Ceza KanunuTCK) 31-ci maddəsinə əsasən cinayət əməlini törətdiyi zaman on iki yaşına çatmamış uşaqlar cinayət məsuliyyətinə cəlb edilmirlər. Bu şəxslərə qarşı cinayət təqibi aparıla bilməz və bununla belə, uşaqlar üçün xüsusi təhlükəsizlik tədbirləri tətbiq oluna bilər. Cinayəti törətdiyi zaman on iki yaşı tamam olmuş, lakin on beş yaşı tamam olmamış şəxslər törətdikləri əməllərin hüquqi mənasını və nəticələrini dərk edə bilmədikdə və ya davranışlarını idarə etmək qabiliyyəti kifayət qədər inkişaf etmədikdə cinayət məsuliyyətinə cəlb edilmirlər. Bununla belə, bu şəxslərin barəsində uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhlükəsizlik tədbirləri haqqında qərar verilir. Şəxs törətdiyi əməlin hüquqi mənasını və nəticələrini dərk etmək və davranışını bu əmələ münasibətdə idarə etmək qabiliyyətinə malik olduqda, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi ona ömürlük azadlıqdan məhrum cəzasının təyin olunmasını tələb edirsə, ona on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər. Digər hallarda təyin olunacaq cəzaların həddi iki dəfə azaldılır və bu halda hər bir əmələ görə azadlıqdan məhrum etmə cəzası yeddi ildən çox ola bilməz. Əməli törətdiyi zaman on beş yaşı tamam olmuş, lakin on səkkiz yaşı tamam olmamış şəxslərə münasibətdə törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi ona ömürlük azadlıqdan məhrum cəzasının təyin olunmasını tələb edirsə, təyin olunacaq cəza on səkkiz ildən iyirmi dörd ilədək müəyyən olunmuşdur. Digər hallarda təyin olunacaq cəzaların həddi üçdə biri azaldılır və bu halda hər bir əmələ görə azadlıqdan məhrum etmə cəzası on iki ildən çox ola bilməz. Türk Cəza Qanunun (TCK) 56-cı maddəsində qeyd edilir ki, uşaqlara xas olan təhlükəsizlik tədbirlərinin nədən ibarət olduğu və onların necə həyata keçiriləcəyi müvafiq qanunda göstərilib. Burada müvafiq qanun 5395 nömrəli Uşaqların Müdafiəsi Qanunudur (Çoçuk Koruma Kanunu-ÇCK). “Uşaqların müdafiəsi haqqında” Qanunun məqsədi onun birinci maddəsində göstərilir. Müvafiq olaraq, qanun müdafiəyə ehtiyacı olan və ya cinayətə sövq edilən uşaqların müdafiəsi, onların hüquq və rifahının təmin edilməsi ilə bağlı prosedur və prinsipləri tənzimləyir. İkinci maddəsində də qeyd edildiyi kimi, həmin qanun cinayətə sürüklənən uşaqlara qarşı həyata keçiriləcək təhlükəsizlik tədbirlərinin prosedur və prinsiplərini də özündə ehtiva edir. Qanunun 11-ci maddəsinə əsasən, qoruyucu və dəstəkləyici tədbirlər uşaqlara xas olan təhlükəsizlik tədbirləri kimi başa düşüləcəkdir. Hansı qoruyucu və dəstəkləyici tədbirlərin olduğu Qanunun 5-ci maddəsində göstərilib. Həmin maddəyə görə, qoruyucu və dəstəkləyici tədbirlər uşağın ilk növbədə öz ailə mühitində qorunmasını təmin etmək üçün məsləhət, təhsil, qayğı, sağlamlıq və sığınacaqla bağlı görüləcək tədbirlərdir. Göründüyü kimi, uşaqlara xas təhlükəsizlik tədbirlərinin uşağı ailə mühitindən uzaqlaşdırmadan həyata keçirilməyə çalışılır. Uşağın qorunmasına yönəlmiş bu tədbirlərdə məsləhət, təhsil, qayğı, sağlamlıq və sığınacaqda dəstək göstərilir.
Xarici ölkələrin təcrübəsini, uşaq hüquqları ilə bağlı qoşulduğu konvensiyaların və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutan ölkəmiz Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə 2022-ci il 27 dekabr tarixdə dəyişiklik edərək cinayət prosessual qanunvericiliyə uşaqların hüquqlarının müdafiəsi üçün tədbirlər adlı 123-2-ci maddəni əlavə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 123-2-ci maddəsində cinayət prosesini həyata keçirən orqanlar tərəfindən uşaqların hüquqlarının müdafiəsi üçün görülməli tədbirlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur:
1. uşaqların qanuni nümayəndələrinə onların şikayətləri ilə bağlı görülən tədbirlər, habelə cinayət təqibinin gedişatı barədə məlumat verilməsi;
2. cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların qanuni nümayəndələrinə uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə tutulmuş, həbs edilmiş və ya məhkum edilmiş şəxsin azad edilməsi barədə məlumat verilməsi;
3. uşaqların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə onlara yardım göstərilməsi;
4. cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların, onların ailələrinin və şahidlərin təhlükəsizliyinin təmin edilməsi;
5. cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi tələb etdikdə pulsuz hüquqi yardım göstərilməsi üçün uşaqlarla iş üzrə daha təcrübəli vəkilin iştirakının təmin edilməsi;
6. uşaqların valideynlərinin və ya digər qanuni nümayəndələrinin maraqlar toqquşmasına görə cinayət prosesində iştirak etməyə buraxılmadığı hallarda, qəyyumluq və himayəçilik orqanının uşaqlar üçün qanuni nümayəndə qismində təyin edilməsi;
7. uşaqlara verilən məlumatların onların yaşına və psixi inkişafı səviyyəsinə uyğun qaydada və onların başa düşdükləri dildə təqdim olunması;
8. uşağın mənafeyi, yaxud cinayət prosessual fəaliyyətin məqsədləri üçün belə təmasın tələb olunduğu hallar istisna olmaqla, cinayət prosesinin istənilən mərhələsində uşaqla şübhəli və ya təqsirləndirilən şəxs arasında təmasın olmamasının təmin edilməsi. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi uşaqlardan ifadə alınarkən təmin edilməli tədbirləri də tənzimləyir. Həmin tənzimlənməyə əsasən:
1. cinayət haqqında cinayət təqibi orqanlarına məlumat daxil olduqdan sonra uşağın mənafeyi tələb etdiyi hallar istisna olmaqla, hər hansı gecikdirməyə yol verilmədən uşaqdan ifadə alınır;
2. uşaqdan ifadənin alınması bu məqsədlə ayrılmış yerlərdə və ya yaradılmış xüsusi şəraitdə həyata keçirilir;
3. uşaqdan ifadənin alınması cinayət prosesini həyata keçirən orqanın bu məqsədlə xüsusi hazırlıq keçmiş əməkdaşları tərəfindən həyata keçirilir;
4. mümkün olduğu hallarda uşaqdan təkrar ifadənin alınması eyni şəxs tərəfindən həyata keçirilir;
5. uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır;
6. mümkün olduğu hallarda uşaqdan bütün ifadələr videoçəkiliş aparılmaqla alınır.
Yuxarıdakı hallarla yanaşı, qanunvericilik qeyd edir ki, uşaq müvafiq istəyini bildirdikdə və ya onun mənafeyi nəzərə alınmaqla, uşağın məhkəmə zalında iştirak etmədən informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə ifadə verməsi təmin olunur və uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət üzrə məhkəmə iclası qapalı keçirilir.
Qanunvericiliyimizdə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının qarşısını almaq, onların yaranmasına imkan verən səbəb və halları aradan qaldırmaq, onların hüquq və qanuni mənafelərini qorumaq, yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarını aşkar etmək və aradan qaldırmaq barədə müddəalar geniş şəkildə nəzərdə tutulmuşdur.
IV. NƏTİCƏ
Beləliklə də yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti və onlar tərəfindən törədilən cinayətə görə tətbiq edilən cəza və tərbiyəvi xarakterli tədbirlər, eləcə də icraatın xüsusiyyətləri ilə bağlı bir sıra təkliflər irəli sürülə bilər:
1. Azərbaycan Respublikasında Yuvenal ədliyyə sisteminin təşəkkül tapması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və institusional inkişafının təmin olunması üçün xüsusi komissiyanın yaradılması;
2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində yetkinlik yaşına çatmayan şəxslərin iştirak etdikləri işlərə dair ibtidai istintaqın aparılması müddətlərinin digər işlərə münasibətdə fərqləndirilməsi və mümkün qədər qısaldılmış müddətlərin tətbiq olunması;
3. Yetkinlik yaşına çatmayanları cəzalandırmaqdan yayınmaq və onların daha çox sosial bərpasına yönəldilməsi tədbirlərinin həyata keçirilməsi üçün sosial yönümlü İxtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılması; Mərkəzlərin yetkinlik yaşına çatmayan şəxslərin cinayət və inzibati xəta törətməsi nəticəsində son tədbir kimi onlara təyin olunması nəzərdə tutulmuş azadlıqdan məhrum olunmaları, inzibati qaydada həbs olunmaları və azadlığının məhdudlaşdırılmaları cəzalarının əvəzinə sosial yönümlü bərpaedici və tərbiyələndirici tədbirlərin tətbiqinə yönəldilmiş qanunvericilik və institusional mexanizmlərin təkmilləşdirilməsinə şərait yaratması;
4. Azərbaycan Respublikasında dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərin yetkinlik yaşına çatmayanların “keçmiş məhkumluqları” ilə əlaqədar onlara gələcək fəaliyyətlərində çətinlik yaratmalarından çəkindirmək üçün qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin artırılması.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi - https://e-qanun.az/framework/46947
2.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi - https://e-qanun.az/ framework/46950
3. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi - https://e-qanun.az/framework/46951
4.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu - https://e-qanun.az/ framework/3292
5. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu - https://e-qanun.az/framework/10670
6. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası
7. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 6 nömrəli Qərarı - https://e-qanun.az/framework/17786
8. Uşaqların Ədliyyə Sisteminə Çıxışı baxımından Azərbaycan qanunvericiliyinin təhlili - https://www. unicef.org/azerbaijan/media/811/file/Azerbaijan%20%20Legal%20Review%20on%20Justice%20 for%20Children-AZ.PDF%20.pdf
9. https://grashuepfer-kinzigtal.de/familienleben/strafmuendigkeit-von-kindern-undjugendlichen/#:~:text=Gem%C3%A4%C3%9F%20%C2%A7%2019%20StGB%20sind,erzieherische%20 Ma%C3%9Fnahmen%20statt%20Strafen%20vorsieht.
10. https://www.gesetze-im-internet.de/stgb/BJNR001270871.html 11.https://grashuepfer-kinzigtal.de/familienleben/strafmuendigkeit-von-kindern-undjugendlichen/#:~:text=Gem%C3%A4%C3%9F%20%C2%A7%2019%20StGB%20sind,erzieherische%20 Ma%C3%9Fnahmen%20statt%20Strafen%20vorsieht.
12. https://www.gesetze-im-internet.de/jgg/BJNR007510953.html
13. https://www.resmigazete.gov.tr/eskiler/2004/10/20041012.htm
14. https://www.resmigazete.gov.tr/eskiler/2005/07/20050715-1.htm