Arvadının çılpaq videolarına görə məktəbin həyətində direktoru bıçaqladı - MƏHKƏMƏ


  • 21 Fevral 14:57

Astarada məktəb direktoruna qarşı xuliqanlıq etməkdə təqsirləndirilən Mehman Tağıyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Tağıyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən M.Tağyev deyib ki, 25 ildir ki, Astara şəhəri X saylı tam orta məktəbdə gözətçi işləyib. Zərərçəkmiş şəxs Sevili (şərti) tanıyıb, sonuncu onun gözətçisi işlədiyi məktəbin direktoru olub. Hadisə baş verən vaxtdan təxminən 3-4 ay əvvələ qədər arvadı Nigar (şərti) həmin məktəbdə katibə işləyib. Arvadı Sevilin qanunsuz hərəkətlərini gördükdən sonra sonuncu barəsində prokurorluq orqanlarına şikayət etməyə başlayıb. Bundan sonra Sevil arvadına aid video görüntüləri yaymağa başlayıb. Həmin video görüntüləri görməsə də, eşitdiyimə görə guya həyat yoldaşı Nigar özünə məxsus çılpaq videolarını bir nəfər oğlana göndərib, həmin oğlan da görüntüləri direktor Sevilə verib. Bundan sonra Sevil həmin videoları məktəbdə və təhsil sektorunda müxtəlif şəxslərə göstərərək həyat yoldaşı Nigarın şərəf və ləyaqətini alçaltmağa çalışıb. Bundan sonra həyat yoldaşı Nigar ərizə yazaraq işdən çıxıb. Nigar həmin görüntüləri təqdim etməsini Sevildən tələb etsə də, sonuncu həmin görüntülərin onda olmadığını bildirib, lakin videoları müxtəlif şəxslərə göstərməyə davam edib. Nigar Sevildən şikayətlər etdiyinə görə Sevil ona da işlədiyi yerdə “ilişməyə” başlayıb, artıq Sevilin hərəkətlərindən bezdiyinə görə onu cəzalandırmaqla qorxutmaq qərarına gəlib. Bu məqsədlə yaşadığı evdən çıxıb təxminən 20-30 metr məsafədə yerləşən məktəbə gedib. Bir gün əvvəl məktəbdə işlətdiyi mətbəx bıçağını təsadüfən yadından çıxararaq üzərində evə aparıb. Həmin vaxt məqsədi Sevil məktəbə gələndə video görüntüləri almaq, əgər verməsə, qorxutmaq üçün vurmaq olub. Qeyd olunan məqsədlə bıçağı götürdükdən sonra şalvarının sağ yan cibində gizlədib.. Saat 09 radələrində Sevil idarə etdiyi avtomobillə gəlib maşından düşdükdən sonra məktəbin həyət qapısından içəri daxil olub. Həmin vaxt o, həyətdə qapının yanında dayanıb, bu zaman həyətdə heç kimi olmasa da, seçki günü olduğu üçün məktəbin inzibati binasında səs verməyə gələnlər və müşahidəçilər olub. Sevil qapıdan içəri daxil olduqdan sonra uca səslə sonuncudan Nigarın video görüntülərini istəyib. Lakin Sevil uca səslə onu təhqir edərək video görüntülərin onda olmadığını bildirib. O, həmin vaxt cibindən bıçağı çıxarıb Sevilə bir neçə zərbə vurub, lakin neçə zərbə vurduğunu və hansı nahiyyələrindən vurduğunu xatırlamayıb. Zərbənin təsirindən Sevil yerə yıxılıb qışqırmağa başlayıb. Həmin vaxt Sevil “sənin başın kəsilməlidi, ama mən bunu eləmirəm” deyib və kənara çəkilib nalayiq sözlərlə təhqir edib. Bir neçə dəqiqə sonra ora məktəbin binasından işçilər və ətrafdan polis əməkdaşı gəlib. Əlindəki bıçağı polis əməkdaşının tələbindən sonra yerə atıb.

M.Tağıyev deyib ki, Sevili öldürmək məqsədi olmayıb, qorxutmaq istəyib. Sevili öldürmək istəyi olsa bunu reallaşdırmaq üçün daha çox bıçaq zərbəsi vurmaq və Sevil yerə yıxıldıqdan sonra bıçaqla vurmağa davam etmək imkanı olub. Təqsirləndirilən şəxs əməldən səmimi peşiman olduğunu, yaşını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Sevil ifadəsində göstərib ki, 5 il müddətdir ki, Astara şəhəri X saylı tam orta məktəbdə direktor vəzifəsində işləyib, lakin hazırda Bakı şəhərində işləyir. Nigar direktoru olduğu məktəbdə katibə, əri isə məktəbdə gözətçi işləyib. Təxminən 2 il əvvəl Nigar ona yaxınlaşaraq məktəbdə olan vakant iş yerinə oğlunu texniki işçi kimi qəbul etdirməyini istəyib. Lakin o, həmin iş yerinə Vətən müharibəsi qazisinin həyat yoldaşı qəbul etdirib. Bundan sonra Nigar onunla ədavət aparmağa, barəsində hüquq mühafizə orqanlarına böhtan xarakterili məlumatlar verməyə başlayıb. Bundan başqa, Nigarın həyat yoldaşı Mehman də bir neçə dəfə barəsində əmək müfəttişliyinə şikayətlər etməyə başlayıb. 2024-cü ilin fevral ayında Nigarın çılpaq videoları yayılıb, həmin videoları işlədiyi məktəbdə müəllimlərdən və işçilərdən görüb. Bundan sonra Nigarı çağırıb həmin video barədə ondan soruşub. Nigar isə həmin videonun ona məxsus olmadığını, montaj olduğunu bildirib. Direktor Nigarin video görüntüləri məktəbin kollektivi arasında qınağa səbəb olduğundan işçilər iclas keçirib sonuncunu işdən çıxarmağı təklif edib, bunu eşidən Nigar özü ərizə yazıb işdən çıxıb və həmin vaxtdan sonra onunla konflikt aparmağa başlayıb. 2024-cü il sentyabrın 1-də saat 09:00-da keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün direktoru işlədiyi məktəbə gedib. İdarə etdiyi avtomobildən düşüb məktəbin həyətinə daxil olub. Həmin vaxt məktəbdə gözətçi işləyən Mehman qaça-qaça onun üzərinə gəlməyə başlayıb. Sevil Mehmanın bir işçi kimi nəsə söz deyə biləcəyini düşünüb, lakin Mehman yaxınlaşdıqda sağ əlində bıçağın olduğunu görüb qışqırmağa başlayıb. Bundan sonra Mehman heç bir söz demədən yaxınlaşıb bir neçə bıçaq zərbəsi vurmağa başlayıb. Qışqıraraq əlində olan çantalarla özünü müdafiə etməyə başlayıb, lakin Mehman onun sol döşqəfəs nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurub. Zərbənin təsirindən yerə yıxılıb, bundan sonra mehman bir qədər kənara çəkilib barmağını silkələyərək ona “videolara görə cavabını verməliydin” sözlərini deyib. Daha sonra Mehman əlində bıçaq yenidən üzərinə gəlib nəsə deyib geri qayıdıb. Lakin özünü pis hiss etdiyinə görə Mehmanın nə dediyini eşidə bilməyib. Bundan sonra orada olan şəxslər onu yerdən qaldırıb xəstəxanaya aparmaq üçün maşına mindiriblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər