Konstitusiya Məhkəməsinin sədri: "Qanunvericilik bazamız daha da təkmilləşdirilməlidir"


  • 21 Fevral 13:48

İstənilən dövlət üçün onun suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi ən vacib şərtdir.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” Forumunda deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında müstəqillik, suverenlik və dövlətimizin prioritetləri öz əksini tapıb: “Bütün konstitusiyalarda tarixi irsə hörmət və gələcəyə ümid prinsipləri əks olunur. Azərbaycan Konstitusiyasında da bu qeyd edilib”.

Konstitusiyanın uzunömürlü və mükəmməl hüquqi sənəd olduğunu vurğulayan Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, onun üçdəbir hissəsi insan hüquq və azadlıqlarına həsr olunub: “Lakin Konstitusiya yalnız hüquqları deyil, vəzifələri də müəyyən edir. Qəbul edilən bütün qanunlar Konstitusiyaya əsaslanmalıdır. Mövcud reallıqlar nəzərə alınaraq, qanunvericilik bazamızın bundan sonra daha da təkmilləşdirilməsi vacibdir”.

Fərhad Abdullayev məhkəmə hakimiyyətinin dürüst işləməsi üçün geniş imkanların olduğunu qeyd edib: “Zaman keçdikcə yeni çağırışlar islahatları zəruri edir. Bu baxımdan, etimad reytinqi anlayışı mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətin məhkəmə sisteminə inamı gücləndirilməlidir.

Məhkəmə prosesində iki tərəf iştirak edir və onlardan biri nəticədən narazı qala bilər. Lakin əsas məsələ odur ki, qərarlar qanun çərçivəsində və ədalətli şəkildə verilsin. Əgər bu prinsip təmin olunarsa, narazı tərəf zamanla məhkəmənin obyektivliyini anlayacaq”.

Oxşar xəbərlər