- 16:07
Bakıda xalası oğlunu döyməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Murad adlı təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Sergey Yesenin küçəsində yerləşən "Abşeron" sanatoriyasının həyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı xalası oğlu İsmayıl ona qarşı alçaldıcı ifadə işlətdiyi üçün yumruqla bir dəfə qəsdən qisas almaq məqsədilə ani olaraq İsmayılın çənə nahiyyəsinin sol tərəfindən vurub yerə yıxaraq onun baş boynun qançırı, sol bazunun sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən, alt çənənin sol şaxəsinin və mental nahiyyəsinin yerdəyişən sınıqları, alt çənə alveolasının açıq sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəcəli zərərvurmaya, baş-beynin sol yarısında sərt qişaüstü (epidural) və qişaaltı (subaraxnoidal) hematoması, sol təpə və alın sümüyünün xətti sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirib.
O, məhkəmədə bildirib ki, zərərçəkmiş şəxs onun xalası oğludur. Hadisə günü o,Talıb, xalası oğlanları İsmayıl və İlkinlə birlikdə olublar. İlkin dükana şiniyyat almaq üçün girb. Həmin vaxt İsmayıl içkili dostu ilə onların yanına yaxınlaşıb və söhbət etməyə başlayıblar. Bu vaxt o oradan uzaqlaşmaq istəyib, lakin İsmayıl ona getməməsini onunla işi olduğunu bildirib. O İsmayıla getməli olduqlarını bildirib, İsmayıl isə ona Abşeron sanatoriyasının həyətinə getmələrini və orada söhbət etmələrini təklif edib. Onlar Abşeron sanatoriyasının həyətinə gedib və söhbət etməyə başlayıblar. İsmayıl ona "Sən yaxşı oğlan deyilsən" deyib, o isə İsmayıldan bu sözü kimə deməsi barədə soruşub. İsmayıl isə "Kim deyə sual verənə" deyə cavab verib. Bu sözdən sonra o İsmayılı yumruqla vurub. Bundan sonra İsmayıl yıxılıb, onlar içəridən qaçaraq su gətirib, sonra isə maşına mindirərək evə aparıb yola salıblar. Bundan sonra İsmayıl onu telefon ilə yığaraq onun ünvanına söyüş söyüb.
Murad deyib ki, zərərçəkmiş şəxs ilə əvvəlllər nomal münasibətləri olub, birdən-birə İsmayılın belə etməsi ona qəribə gəlib. O, əvvəllər ofisiant işləyib, bir müddət isə "Bolt" taksi şirkətində sürücü kimi fəaliyyyət göstərib. Sonuncu dəfə Mərdəkanda yerləşən "Duzçörək" adlı restoranda ofisiant işləyib. O taekvando ilə məşğul olub. İsmayıl ondan şikayətçi deyil və İsmayıla barışıq üçün 1000 manat məbləğində pul verib.
Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş İsmayıl isə ona verilmiş suallara cavab olaraq hadisənin Abşeron rayonu ərazisində baş verdiyini, təqsirləndirilən şəxsin onun xalası oğlu olduğunu, hadisənin kiçik anlaşılmazlıq səbəbindən baş verdiyini, Muradın onun çənəsinə 1 yumruq zərbəsi vurduğunu, təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğunu, yaddaş problemi olduğu üçün hadisəni təfərrüatları ilə xatırlamaqda əziyyət çəkdiyini, hazırda heç bir xəsarəti olmadığını, özünü hadisədən əvvəlki kimi sağlam hiss etdiyini bildirib.
Şəbnəm Mehdizadə