"Bu, məhkəmə sisteminin fəaliyyətinin effektivliyini artıracaq"


  • 20 Fevral 13:08

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində ilk oxunuşda müzakirə olunaraq Parlamentin plenar iclasına təklif edilən "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilib və Qanunun 3 maddəsində əhəmiyyətli dəyişikliyi nəzərdə tutur.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 14-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dir və 70 yaşına çatmış Konstitusiya Məhkəməsinin hakimi yeni hakim təyin olunana qədər qeyri-müəyyən və qeyri-məhdud müddətdə vəzifələrini icra etməyə davam edir. 14-cü maddəyə təklif olunan dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 75 yaş müəyyən olunur və 75 yaşına çatmış hakim Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətə vəzifələrini icra etməyə davam edir. Məhz bu dəyişikliyin mahiyyətindən irəli gələrək Qanunun 23-cü maddəsinə də dəyişiklik edilir və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi əsaslarından biri kimi Qanunun 23.1.2-1-ci maddəsində yaş həddi 75 yaş müəyyən olunur.

Deputat qeyd edib ki, Konstitusiya Məhkəməsinin hakimləri müvafiq Qanunun 14.1-ci maddəsinə əsasən 15 il müddətinə təyin edilirlər. Cari dəyişikliklə isə 75 yaşına çatmış hakim 15 il müddətin tamam olub-olmamasından asılı olmayaraq hakimin səlahiyyətlərinə xitam veriləcək: "Qeyd olunan məqamlara əsaslanaraq birmənalı şəkildə demək mümkündür ki, dəyişikliklər mütərəqqi xarakter daşıyır və bizə imkan verəcək ki, uzun müddətli hüquqi təcrübəyə malik hüquqşünaslar Konstitusiya Məhkəməsində müvafiq yaş həddinə qədər fəaliyyətini davam etdirərək məhkəmə sisteminin, qarşıya qoyulan vəzifələrin icrasında fəaliyyətin effektivliyini artırsın".

B.Məhərrəmovun sözlərinə görə, eyni zamanda 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddət kimi konkretləşməsi müvafiq normanın aydın və birmənalı tətbiqini təmin etməklə hüquqi müəyyənlik prinsipinin bərqərar olunmasına gətirib çıxarır. O qeyd edib ki, bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır və bir sıra inkişaf etmiş dövlətlərdə, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər