Binəqədi Rayon Məhkəməsində seminar keçirildi - FOTO


  • 20 Fevral 09:38

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində “Hüquqi təcrübədə inkişaf, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tətbiqi və vahid təcrübənin öyrənilməsi” mövzusuna həsr edilmiş seminar təşkil edilib.

E-huquq.az xəbər verir ki, seminarda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri, əməkdaşları və “Femida” könüllüləri iştirak edib.

Seminarda çıxış edən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Abbas Rzayev seminarın əsas məqsədlərini qeyd edərək, son dövrlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi Plenum qərarlarının vahid məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynadığını, bu qərarların məhkəmə sistemində hüquqi yanaşmaların vahid istiqamətdə aparılmasını təmin etdiyini, hüquq normalarının düzgün tətbiqinə və məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Daha sonra seminarda əsas məruzəçi olaraq hakim köməkçisi vəzifəsində çalışan Elnurə Məmmədli çıxış edərək mövzu ilə bağlı geniş təqdimat edib. O, Ali Məhkəmənin Plenum qərarlarının məhkəmə praktikasına inteqrasiyasının hüquq sisteminin səmərəli fəaliyyətini təmin etdiyini, xüsusilə, bu qərarların müxtəlif məhkəmə instansiyalarında eyni cür tətbiqinin təmin olunmasının məhkəmə işlərində ardıcıllıq və obyektivlik baxımından əsaslı əhəmiyyət kəsb etdiyini qeyd edib.

Seminarda hakimlər və əməkdaşlar Plenum qərarlarının məhkəmə proseslərində konkret hallarda necə tətbiq edildiyini müzakirə edib, onların hüquqi əsaslandırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürüblər. Seminar müzakirə formatında aparılmış, iştirakçılar öz fikirlərini bildirib və müxtəlif hüquqi məsələlərə dair suallar səsləndiriblər. İştirakçıların suallarına ətraflı cavab verilərək, Plenum qərarlarının məhkəmə aktlarında tətbiqi ilə bağlı nümunələr də təqdim edildib

Həmçinin, seminarda bu cür tədbirlərin təşkilinin məhkəmə hakimiyyətinin səmərəliliyinin artırılması və hüquq sisteminin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Oxşar xəbərlər