Məhkəmə "Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoruna şərti cəza verdi


  • 18 Fevral 18:23

Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov, Gözəl Mustafayeva və Amal Həsənlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Məlum olub ki, təqsirləndirilən şəxslər tərəfindən dövlətə dəymiş ziyan tam ödənilib. Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Rahil Nəcəfovun 11 il, Gözəl Mustafayevanın 2 il 6 ay, Amal Həsənlinin 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini, Amal Həsənli və Gözəl Mustafayeva barəsində olan tədbirin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib.

Məhkəmə müşavirə edib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rahil Nəcəfov 3 il sınaq müddəti olmaqla 9 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Amal Həsənliyə 3 il sınaq müddəti olmaqla 8 il 6 ay müddətində şərti cəza verilib.

Gözəl Mustafayeva 1 il sınaq müddəti olmaqla 2 il müddətində şərti cəza verilib.

Təqsirləndirilən Amal Həsənli və Gözəl Mustafayeva barəsində istintaq dövründə seçilən həbs qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəməkdə ittiham olunub.

Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli midqrda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Oruc Söhrab oğlu Əliyev, Rasim Əşrəf oğlu Hüseynov, Xəyalə Akif qızı Məmmədova, Lütviyyə Süleyman qızı Əsgərzadə, Şəfaqət Abdulla qızı Mahmudova, Yeganə Qürvər qızı Qəhtrəmanova, Nəsir Cavanşir oğlu Hüseynov, Qalib Bəhram oğlu Hacıyev, Nigar Oktay qızı Məmmədova, Mərziyyə Allahyar qızı Nəcəfova, Vüsalə Hacı qızı Musayeva, Ülkər Vaqif qızı Neymətova, Pəravən Hacı qızı Məmmədova, Arif Alim oğlu Əsədov, Şəfa Tiflis oğlu Əliyeva, İradə Nizam qızı Avşarova, Nərman Əzizi oğlu Paşayev, Akif Həmzə oğlu Vəliyev, Esmira Seyfəl qızı Fuad, Bəbir Şərqi oğlu, Quliyev, Asif Xanoğlan oğlu Qədirov və Kamran Şahverən oğlu Kazımov zərərçəkmiş qismində tanınıblar.

Əlavə edək ki, Rahil Nəcəfov 2012-cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.

Oxşar xəbərlər